Buğda, un və çörəklə bağlı 10 illik ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. 2027-ci il yanvarın 1-dən etibarən güzəşt uzadılmasa, bu məhsullar üzrə vergi yükünün dəyişməsi gündəmə gələ bilər. Bu isə xüsusilə gündəlik tələbat məhsulu olan çörəyin və unun qiymətinə mümkün təsirlə bağlı suallar yaradır.
Bəs güzəştin uzadılmaması un və çörəyin bahalaşmasına səbəb ola bilərmi? Qiymətlərə təsir hansı həddə ola bilər?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, ƏDV güzəştləri uzadılacaq:
“Çünki, buğda, un və çörəyə tətbiq olunan ƏDV güzəştinin müddəti uzadılmazsa, bu məhsulların qiymətinə artım təzyiqi yarana bilər. Söhbət insanların hər gün aldığı, xüsusilə aztəminatlı ailələrin xərclərində mühüm yer tutan ərzaq məhsullarından gedir. Belə bir qərarın nəticəsi birbaşa əhalinin gündəlik büdcəsində hiss oluna bilər.ƏDV güzəştinin ləğvi vergi yükünü artıracaq və bu yükün müəyyən hissəsi son nəticədə istehlakçının üzərinə düşə bilər. Sahibkar əlavə vergi xərclərini öz hesabına qarşılamaq istəmədikdə, bunu qiymət artımı ilə kompensasiya etməyə çalışacaq. Buna görə də güzəştin uzadılmaması un və çörəyin bahalaşması riskini artırır.
Qiymətlərin neçə faiz artacağını indidən dəqiq deyə bilmərik. Çünki bu, təkcə ƏDV-dən asılı deyil. Buğdanın alış qiyməti, idxal xərcləri, daşınma, enerji, istehsal və satış xərcləri də qiymətə təsir edir. ƏDV-nin tətbiqi nəticəsində yaranan vergi yükünün hansı hissəsinin qiymətə əlavə ediləcəyi də mühüm məsələdir. Vergi dərəcəsini birbaşa çörəyin qiymət artımı faizi kimi təqdim etmək iqtisadi baxımdan düzgün yanaşma deyil. Burada əsas məsələ dövlətin sosial siyasətidir. Çörək və un adi istehlak məhsulu olmaqla yanaşı, ərzaq təhlükəsizliyinin və əhalinin gündəlik dolanışığının mühüm hissəsidir. Belə məhsullara vergi güzəştinin davam etdirilməsi qiymət sabitliyinin qorunmasına xidmət edə bilər. Güzəştin ləğvi isə dövlət büdcəsinə əlavə vergi daxilolmaları yaratsa da, əhalinin ərzaq xərclərini artırmaq riski daşıyır.
Hökumət də anlayır ki, bu qərarı yalnız büdcəyə daxil olacaq əlavə vəsait baxımından qiymətləndirməməlidir. Əhalinin gəlirlərinin artım tempi, ərzaq qiymətləri və ailələrin alıcılıq qabiliyyəti də nəzərə alınmalıdır. Əgər güzəştin uzadılmaması nəticəsində çörək və un bahalaşarsa, bunun yükünü ilk növbədə aşağı gəlirli ailələr daşıyacaq.
Mənim fikrimcə, güzəştin müddəti bitməmişdən əvvəl hökumət açıq iqtisadi hesablamalar təqdim etməli, güzəştin büdcəyə təsirini və ləğvin əhali üçün mümkün nəticələrini müqayisə etməlidir. Qərar verərkən əsas meyar büdcəyə nə qədər əlavə vergi daxil olacağı yox, həmin qərarın əhalinin real həyatına necə təsir edəcəyi olmalıdır. Gündəlik tələbat məhsullarının qiymətinə təsir edə biləcək məsələlərdə əvvəlcədən hesablanmış və sosial nəticələri nəzərə alan siyasət yürüdülməlidir”.