"Dövlətin qəbul etdiyi qərarlar müzakirə edilməməlidir, icra edilməlidir. Hesab edirəm ki, məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərar həm düzgün, həm də vaxtında atılmış addımdır". Bu fikirləri SİA-ya açıqlamasında rejissor, xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

Onun sözlərinə görə, çünki, məktəb yalnız təhsil müəssisəsi deyil, eyni zamanda uşaqlara bərabərlik, intizam və məsuliyyət prinsiplərini aşılayan bir mühitdir:
"Hər bir şagird məktəbə öz istəyinə və maddi imkanına uyğun geyimdə gəlməməlidir. Məktəbin öz geyim qaydaları və vahid forması olmalıdır. Əks halda, maddi imkanı yüksək olan ailələrin övladları bahalı və dəbli geyimlərlə məktəbə gələcək, aztəminatlı ailələrin uşaqları isə özlərini onlarla müqayisə edərək narahatlıq keçirə biləcəklər. Bu isə şagirdlər arasında sosial fərqlərin daha qabarıq hiss olunmasına, uşaqlarda psixoloji gərginliyin və natamamlıq hissinin yaranmasına səbəb ola bilər.
Vahid məktəbli forması bütün şagirdlərin eyni sosial mühitdə özlərini daha rahat və bərabər hiss etmələrinə şərait yaradır. Bu baxımdan, qəbul edilmiş qərarın mahiyyətini düzgün anlamaq və onun icrasına məsuliyyətlə yanaşmaq vacibdir. Əlbəttə, hər bir qərarın müzakirəsi və təkmilləşdirilməsi mümkündür, lakin qüvvədə olan qaydalara əməl etmək hər kəsin məsuliyyətidir. Məktəbli forması uşaqlar arasında fərqləri ön plana çıxarmaq üçün deyil, bərabərliyi, nizam-intizamı və məktəbə aidiyyət hissini gücləndirmək üçün tətbiq olunmalıdır".