Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib

15 Oktyabr 2026 15:38 (UTC+04:00)

15 oktyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Sanitar Karantin Xidmətinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib. Təlimin məqsədi əməkdaşların fövqəladə vəziyyətlərdə düzgün və operativ müdaxilə imkanlarını genişləndirmək, ilkin yardımın göstərilməsi üzrə biliklərini artırmaq və bu sahədə hazırlıq səviyyələrini yüksəltmək olub.
Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev təlimin əsas istiqamətləri, qarşıya qoyulan məqsədlər və praktiki tətbiq imkanları barədə ətraflı məlumat verib. O, ilkin yardımın vaxtında və düzgün göstərilməsinin mühüm əhəmiyyətini vurğulayaraq, Mühafizə Xidmətinin əməkdaşlarının xidmət zamanı qarşılaşa biləcəkləri fövqəladə hallara hazırlıqlı olmalarının vacibliyini qeyd edib.
Təlim çərçivəsində Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım həkimi Cavad Cabbarov və Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin baş müfəttişi, təlimçi Hüseyn Qasımov iştirakçılara ilkin yardımın əsas prinsipləri, fövqəladə hallarda düzgün müdaxilə üsulları və həyati təhlükəli vəziyyətlərdə görülməli tədbirlər barədə ətraflı məlumat veriblər.
Təlim zamanı iştirakçılara ürək-ağciyər reanimasiyasının aparılması, tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi, süni tənəffüsün tətbiqi və avtomatik xarici defibrilyator (AED) cihazından istifadə qaydaları izah olunub.
Praktiki məşğələlər zamanı mühafizəçilər ilkin müdaxilə üsullarını tətbiq edərək nəzəri biliklərini möhkəmləndiriblər. Təlim iştirakçılara sertifikatların təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.