Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər.
Bəs hava dəyişiklikləri oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? Payız aylarında oynaq problemi yaşayan insanlar nələrə diqqət etməlidirlər və hansı hallarda həkimə müraciət etmək vacibdir?
Məsələ ilə bağlı pediatr Aytən Ziyadova SİA-ya açıqlamasında bildirib ki, payız aylarında oynaq ağrısı ilə müraciətlər artır və pasiyentlər bunu tez-tez havanın dəyişməsi ilə izah edirlər:
"Tibbi baxımdan bu şikayət əsassız deyil, lakin havanın təsiri oynağın quruluşuna yox, ağrı qavrayışına aiddir. Soyuqda periferik damarlar daralır, oynaq ətrafında qan dövranı azalır, əzələ tonusu və oynaq mayesinin özlülüyü artır, nəticədə sərtlik və ağrı güclənir. Atmosfer təzyiqinin düşməsinin oynaq ətrafı toxumalarda və ağrı reseptorlarında dəyişiklik yaratdığı ehtimal olunur. Lakin tədqiqatların nəticələri birmənalı deyil. Hava oynağı zədələmir və artrit ya artrozun gedişini pisləşdirdiyi sübut olunmayıb. Hərəkətin azalması, gün işığının azalması və D vitamini səviyyəsinin düşməsi də ağrı hissini artıran əlavə amillərdir.
Böyüklərdə şikayətlərin əsas səbəbləri artroz, revmatoid artrit və qutdur. Artrozda ağrı yüklə artır, səhər sərtliyi 30 dəqiqədən az çəkir. Revmatoid artritdə kiçik oynaqlar simmetrik zədələnir, səhər sərtliyi bir saatdan çox davam edir. Qut isə çox vaxt ayaq baş barmağında qəfil, qızarmış və isti şişkinlik kimi başlayır. Ağrının güclənməsi bəzən xəstəliyin həqiqi alovlanmasının əlaməti ola bilər, ona görə bunu yalnız havaya bağlamaq düzgün deyil. Uşaqlarda vəziyyət tamamilə fərqlidir. Payız virus və bakterial infeksiyaların mövsümüdür və uşaq oynaq ağrılarının çoxunun arxasında infeksiya dayanır. Virus infeksiyasından sonra 3-10 yaşlı uşaqlarda keçici sinovit, yəni ombada ağrı və axsama müşahidə olunur. Bağırsaq, tənəffüs və ya sidik yolu infeksiyasından 1-4 həftə sonra reaktiv artrit inkişaf edə bilər. Parvovirus B19, qrip və mikoplazma da oynaq və əzələ ağrısı verir. A qrup streptokok anginası düzgün müalicə olunmazsa, 2-4 həftə sonra kəskin revmatik qızdırma baş verə bilər, bu zaman "gəzən" oynaq ağrıları ilə yanaşı ürək qapaqları da zədələnə bilər. IgA vaskulit isə oynaq ağrısı, ayaqlarda qırmızı-bənövşəyi səpgi və qarın ağrısı ilə özünü göstərir.
Ən təhlükəli hal septik artrit və osteomielitdir. Hərarət, şiddətli ağrı, oynağın şişməsi və uşağın ayağa dayanmaqdan ya əlini işlətməkdən imtina etməsi təcili müdaxilə tələb edir. Diaqnoz klinik baxış, iltihab göstəriciləri (CRP, ESR), ultrasəs müayinəsi və lazım gələrsə oynaq punksiyası ilə qoyulur. Gecikmə oynağın daimi zədələnməsinə səbəb ola bilər. Şişkinlik 6 həftədən çox davam edirsə, uşaq idiopatik artriti araşdırılmalıdır. "Böyümə ağrıları" isə şişkinlik və axsama olmadan, axşam və gecə hər iki ayaqda əzələ nahiyəsində hiss olunur. Bu, istisna diaqnozudur. Gecə güclənən sümük ağrısı, solğunluq, çəki itkisi və uzunmüddətli hərarət nadir hallarda qan xəstəliklərinin əlaməti ola bilər.
Əsas tövsiyəm isə oynaqları isti saxlayın, hərəkəti kəsməyin, çəkiyə nəzarət edin, D vitamini çatışmazlığını analizlə yoxlayın və dozanı həkimlə razılaşdırın. Şişmiş, qızarmış, isti oynağa kompres qoymayın, həkimə müraciət edin. İmmunsupressiv dərman qəbul edənlər peyvənd məsələsini həkimlə həll etməlidir, çünki canlı peyvəndlər qadağan ola bilər. Ağrıkəsici və iltihab əleyhinə dərmanları özbaşına uzun müddət qəbul etmək mədə, böyrək və ürək-damar sisteminə ziyan verir. Uşağa aspirin verilməməlidir, çünki virus infeksiyası fonunda Rey sindromu riski var. Hərarətlə müşayiət olunan ağrı, axsama, oynaqda şişkinlik və qızartı, səpgi, qarın ağrısı, infeksiyadan sonra başlayan şikayət və bir həftədən çox davam edən ağrı həkimə vaxtında müraciət üçün əsasdır. Oynaq ağrısı həmişə havadan olmur və vaxtında müraciət ağırlaşmaların qarşısını alır".