"Məsələyə həm milli-mənəvi dəyərlərin qorunması, həm də dünyəvi təhsil prinsipləri baxımından yanaşmaq vacibdir. Burada əsas məqsəd dini inanclara qarşı çıxmaq deyil, təhsil mühitini hər hansı dini və ya ideoloji təsirin eksperimental meydanına çevrilməkdən qorumaqdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin tarixən formalaşmış ailə modeli, milli-mənəvi dəyərləri, dilimiz, mədəniyyətimiz və dünyəvi dövlətçilik ənənəmiz cəmiyyətin dayanıqlılığının mühüm dayaqlarıdır:
"Bu dəyərlərin qorunması xüsusilə uşaqların və yeniyetmələrin müxtəlif yad və manipulyativ təsirlərdən müdafiəsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu, dinə qarşı münasibət deyil; dövlətin bütün dini inanclara bərabər məsafədə dayanması və təhsil siyasətinin elmi, dünyəvi prinsiplər əsasında qurulması deməkdir. Məktəb isə ilk növbədə elm, bilik, tənqidi düşüncə və şəxsiyyətin formalaşdığı məkandır. Ona görə də məktəblərdə hər hansı dini cərəyanın, qrupun və ya ideoloji təsirin uşaqlar üzərində sınaqdan keçirilməsinə yol verilməməlidir. Şagirdlərin dini etiqad azadlığına hörmət edilməklə yanaşı, onların yaş xüsusiyyətləri və psixoloji həssaslığı da nəzərə alınmalıdır.
Məktəblərdə vahid və aydın geyim qaydalarının tətbiqi, təhsil müəssisələrində dini təbliğat və təzyiqin qarşısının alınması, müəllimlərin bu məsələlərlə bağlı maarifləndirilməsi, valideynlərlə məktəb arasında sağlam kommunikasiya qurulması və uşaqların hüquqlarının qorunmasına yönəlmiş nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Eyni zamanda şagirdlərə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin daha dərindən öyrədilməsi onların milli kimlik və vətəndaşlıq şüurunu möhkəmləndirər. Ən vacibi isə qadağalarla yanaşı, maarifləndirməyə üstünlük verməkdir. Uşağa milli dəyərlərin, dünyəvi dövlətçiliyin, elm və təhsilin əhəmiyyətini izah etmək daha sağlam nəticə verir. Güclü ailə, savadlı məktəb və milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir".