"Türkiyədə bu cür iddiaların müzakirəyə çıxarılması və etirazların gündəmə gətirilməsi prosesin arxasında ciddi qüvvələrin dayandığı barədə suallar yaradır. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşavirinin məsələyə, fikrimcə, həddini aşan və etik çərçivələrə sığmayan formada reaksiya verməsi bu müzakirələrin siyasi tərəflərinin də diqqətlə araşdırılmasını zəruri edir".
Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
_(2)_(1)_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1).jpg)
Siyasi eksperti sözlərinə belə davam edib:
"Lakin bu, Türkiyə xalqının bütövlükdə həmin etirazları və ya Azərbaycana qarşı aparılan kampaniyanı dəstəklədiyi anlamına gəlmir. Əsla belə deyil. Türkiyə ictimai rəyini yaxından izləyən biri kimi əminliklə deyə bilərəm ki, qardaş ölkədə sağlam düşüncəli insanların böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və ölkəmizə qarşı səsləndirilən ittihamlara etiraz edir. Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqliyin və qardaşlıq münasibətlərinin zərər görməməsi üçün türk birliyinə ürəkdən inanan, Azərbaycanın dəyərini bilən insanlar da fəal mövqe nümayiş etdirirlər.
Demək istədiyim odur ki, Türkiyədə bəzi şəxslər Azərbaycana qarşı çıxış etmək üçün sanki bəhanə axtarırlar. Mövcud proses də onların mövqeyini və əsl münasibətini üzə çıxarır. Bunu ona görə deyirəm ki, Azərbaycanı hədəfə alan bəzi şəxslərin səsləndirdiyi fikirlərdən onların ölkəmizdəki vəziyyət barədə kifayət qədər məlumatlı olmadıqları görünür.
Məsələn, bəzi şəxslər Ermənistanda hicabın qadağan edilmədiyini, Azərbaycanda isə qadağan olunduğunu iddia edirlər. Halbuki bu müqayisə Ermənistanın və Azərbaycanın demoqrafik və dini reallıqlarını nəzərə almır. Digər tərəfdən, bəzi siyasətçilər Azərbaycanda universitetlərdə hicabın qadağan edildiyini bildirirlər. Halbuki ölkəmizdə belə ümumi qadağanın mövcudluğu barədə səsləndirilən bu iddialar reallığı əks etdirmir. Başqa şəxslər isə Azərbaycanı bütövlükdə İslama qarşı mövqedə dayanmaqda ittiham edirlər.
Belə nümunələr göstərir ki, bəzi şəxslər kifayət qədər məlumat əldə etmədən Azərbaycan haqqında ittihamlar səsləndirir və bu fikirlərdən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Eyni zamanda, baş verənlər müəyyən şəxslərin Azərbaycanla bağlı həqiqi mövqeyinin üzə çıxmasına da səbəb olur.
Bununla belə, bütün bunlar Azərbaycanla Türkiyə arasındakı münasibətləri pozmaq üçün yetərli deyil. Azərbaycan qardaş Türkiyənin dəyərini bilir, Türkiyədə də Azərbaycanın əhəmiyyətini anlayan çoxsaylı insanlar var. Siyasi hakimiyyətlər və siyasətlər zamanla dəyişə bilər, lakin iki ölkə arasındakı tarixi qardaşlıq və strateji müttəfiqlik münasibətləri ayrı-ayrı siyasi dairələrin mövqeyindən daha möhkəm təməllərə söykənir.
Azərbaycanla Türkiyə arasında münasibətlərə zərər vurmağa çalışan qüvvələr bilməlidirlər ki, bu qardaşlığı pozmaq asan deyil. İki ölkə arasındakı əlaqələr xalqlarımızın ortaq tarixi, qarşılıqlı etimadı və türk birliyinə bağlılığı üzərində qurulub".