Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın əsas enerji resurslarını hasil edən, istehsal və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması dövlətimizin bu sahədə əldə etdiyi imkanların genişliyini nümayiş etdirir.
Bu fikirləri millət vəkili Ülviyyə Həmzəyeva SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq yalnız neft və təbii qaz ixracatçısı kimi deyil, çoxşaxəli enerji və sənaye potensialına malik dövlət kimi də tanınır. Xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin istehsalı, eləcə də ixracı ölkənin iqtisadi imkanlarının şaxələndirilməsində mühüm rol oynayır. Bu sahədə yaradılan infrastruktur və ixrac istiqamətlərinin genişlənməsi Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki mövqeyini daha da möhkəmləndirir.
Deputat qeyd edib ki, ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı da Azərbaycanın enerji strategiyasının prioritet istiqamətlərindəndir. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi ölkənin qlobal enerji keçidi prosesinə uyğunlaşdığını, gələcəkdə daha dayanıqlı və ekoloji cəhətdən təmiz enerji sisteminin formalaşdırılmasına çalışdığını göstərir. Ənənəvi enerji mənbələri ilə yaşıl enerjinin paralel inkişafı uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Ülviyyə Həmzəyevanın sözlərinə görə, enerji sektorunda həyata keçirilən ardıcıl siyasət Azərbaycanın iqtisadi gücünün artırılması ilə yanaşı, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə də şərait yaradır. Ölkənin enerji resursları, müasir infrastrukturu və ixrac imkanları müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm əhəmiyyət daşıyır.
Millət vəkili əlavə edib ki, Azərbaycanın enerji potensialından səmərəli istifadə edilməsi qeyri-neft sektorunun inkişafına, yeni investisiyaların cəlb olunmasına və iqtisadi dayanıqlılığın gücləndirilməsinə də müsbət təsir göstərir. Bu baxımdan, enerji siyasətinin əsas məqsədlərindən biri mövcud resursları ölkənin uzunmüddətli inkişafına yönəltmək, yeni texnologiyaların tətbiqini genişləndirmək və Azərbaycanın beynəlxalq enerji bazarındakı etibarlı tərəfdaş mövqeyini gələcəkdə də qoruyub saxlamaqdır.
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın qlobal enerji xəritəsindəki mövqeyini möhkəmləndirir. Ölkəmiz təbii sərvətləri ilə yanaşı, yaratdığı infrastruktur, ixrac imkanları və etibarlı tərəfdaşlıq münasibətləri sayəsində regional və beynəlxalq enerji əməkdaşlığında mühüm rol oynamaqda davam edir.