“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH

15 Oktyabr 2026 12:52 (UTC+04:00)

“ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilər Prezident Donald Trampın ikinci prezidentlik dövründə siyasi kursunun müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səsvermə zamanı Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü seçiləcək. Əsas diqqət respublikaçıların Konqresdəki mövqelərini qoruyub saxlayacağına, yoxsa demokratların qanunverici orqanın palatalarından ən azı birində üstünlük əldə edəcəyinə yönəlib”.

Bu fikirləri politoloq Rəşad Bayramov ABŞ-da keçiriləcək aralıq seçkilərlə bağlı SİA-ya açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, oktyabrın ortalarına olan rəy sorğuları demokratların Nümayəndələr Palatasında üstünlük qazanmaq şanslarının daha yüksək olduğunu göstərir. Senatda isə mübarizənin nəticəsi ayrı-ayrı ştatlarda keçiriləcək gərgin seçki yarışlarından asılı olacaq.

Rəşad Bayramov qeyd edib ki, seçicilərin qərarına təsir göstərən əsas amillərdən biri ölkədəki iqtisadi vəziyyətdir. İnflyasiya, yanacağın qiyməti, yaşayış xərcləri və əhalinin alıcılıq qabiliyyəti seçki kampaniyasının əsas mövzuları sırasındadır. Respublikaçılar administrasiyanın iqtisadi siyasətini, vergi güzəştlərini və sərhəd təhlükəsizliyi tədbirlərini ön plana çəkirlər. Demokratlar isə qiymət artımından və hökumətin iqtisadi qərarlarından narazılığı siyasi mübarizədə əsas arqumentlərindən biri kimi istifadə edirlər.

Politoloqun fikrincə, İranla müharibə ətrafında yaranan narahatlıqlar və enerji bazarındakı dəyişikliklər də seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Prezidentin reytinqinin aşağı olması və gündəlik xərclərin artması demokratların mövqelərini gücləndirən amillərdir. Bununla belə, sorğulardakı üstünlüyün seçki günü böyük qələbəyə çevriləcəyinə zəmanət yoxdur.

Rəşad Bayramov hesab edir ki, demokratların Nümayəndələr Palatasında çoxluğu əldə etməsi daha real ssenaridir. Ümumi seçici dəstəyi ilə bağlı sorğularda demokratların respublikaçıları 8,8 faiz bəndi qabaqladığı bildirilir. Lakin namizədlərin şəxsi nüfuzu, seçki kampaniyalarına ayrılan maliyyə və seçici fəallığı yekun nəticələrə ciddi təsir göstərə bilər.

Senat uğrunda mübarizənin daha mürəkkəb xarakter daşıdığını vurğulayan politoloq bildirib ki, respublikaçıların bu palatada mövqelərini qoruması demokratlar üçün ciddi sınaq olacaq. Onun sözlərinə görə, Corciya, Miçiqan, Men, Şimali Karolina, Ohayo, Alyaska və Texas kimi ştatlarda keçiriləcək seçkilər Senatdakı qüvvələr nisbətinin müəyyənləşməsində xüsusi rol oynaya bilər.

Politoloq əlavə edib ki, respublikaçıların rəqabətin kəskin olduğu ştatlarda seçki kampaniyalarına böyük maliyyə vəsaiti ayırması demokratların sorğulardakı üstünlüyünü real mandatlara çevirməsini çətinləşdirə bilər.

Rəşad Bayramovun qənaətinə görə, aralıq seçkilərin nəticələri ABŞ-ın həm daxili, həm də xarici siyasətinə təsir imkanlarına malikdir. Demokratlar Nümayəndələr Palatasında çoxluğu əldə edərlərsə, administrasiyanın büdcə qərarlarına və qanunvericilik təşəbbüslərinə nəzarət imkanları artacaq. Respublikaçıların hər iki palatada üstünlüyünü qoruması isə Donald Trampın siyasi və qanunvericilik gündəliyini həyata keçirməsini asanlaşdıra bilər.

“Bununla belə, Konqresdə qüvvələr nisbətinin dəyişməsi ABŞ-ın xarici siyasətində avtomatik dəyişiklik demək deyil. Xüsusilə təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində prezidentin icra hakimiyyətinə aid səlahiyyətləri mühüm rol oynamaqda davam edəcək. Beləliklə, aralıq seçkilərin nəticələri yalnız Konqresdəki siyasi balansı deyil, Tramp administrasiyasının prezidentlik müddətinin qalan hissəsində fəaliyyət imkanlarını da müəyyənləşdirəcək”, – deyə politoloq vurğulayıb.