"Orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının qorunması daxili nizam-intizamın möhkəmlənməsinə xidmət edən mühüm addımdır".
Bunu SİA-ya açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı deyib.

Onun sözlərinə görə, bunu bir məhdudiyyət kimi deyil, müasir və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisi kimi qəbul etmək lazımdır. Yetkinlik yaşına çatan hər kəs öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirə bilər. Lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalıdır:
"Məktəbli partası arxasında hər hansı açıq-saçıqlıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərinin istifadəsi qəbul edilmir. Çünki məktəb ilk növbədə bilik, tərbiyə və intizam mühitidir. Burada əsas diqqət şagirdlərin xarici görünüşünə deyil, onların təhsilinə, davranışına və şəxsi inkişafına yönəlməlidir. Vahid məktəbli forması məhz bu bərabər başlanğıcın təməli olmalı, valideynlərin sosial imkanlarını və dünyagörüşünü nümayiş etdirməməlidir. Bütün şagirdlər məktəbdə bərabər şəraitdə təhsil almalı, geyim fərqləri onların münasibətlərinə və təhsil prosesinə təsir göstərməməlidir. Şagird zəkası, elmi marağı, fərdi istedadı və bacarıqları ilə dəyər qazanmalıdır".