“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV

15 Oktyabr 2026 11:54 (UTC+04:00)

Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2026-cı ilin birinci yarısında 18,7 faizə çatıb.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Ataxan Həsənov 2026-cı ilin birinci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun təqdim etdiyi məlumatlara əsasən, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2019-cu ildə 11,5 faiz olduğu halda, 2023-cü ildə 15,8 faizə, 2024-cü ildə 18 faizə, 2025-ci ildə isə 18,5 faizə yüksəlib.

Ataxan Həsənov bildirib ki, istehlak kreditləri portfelində borcun gəlirə nisbəti 45 faizdən aşağı olan kreditlərin payı 2025-ci ilin iyun ayı ilə müqayisədə 38 faizdən 37 faizə enib.

O, təqdimat zamanı əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikasının müşahidə olunduğunu, lakin yüksək kreditləşmə tempi fonunda borc yükünün gəlirlərə nisbətinin artdığını diqqətə çatdırıb.

Mərkəzi Bankın hesabatında əhalinin borc yükü ilə bağlı risklərin diqqət mərkəzində saxlanıldığı vurğulanıb.