Kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini və zəngin adət-ənənələrini özündə yaşadan mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu milli baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətində xüsusi yer tutub. Zərifliyi, rəngləri və özünəməxsus naxışları ilə seçilən kəlağayı yalnız geyim elementi deyil, həm də milli dəyərlərimizin, gözəlliyin və xanımlığın rəmzidir. Təsadüfi deyil ki, 2014-cü ildə Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Milli irsimizin bu dəyərli nümunəsinin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi bu gün də aktuallığını qoruyur. Kəlağayının gündəlik həyatda daha geniş təbliği, gənclər arasında ona marağın artırılması məqsədilə müxtəlif təşəbbüslər həyata keçirilir.
Belə təşəbbüslərdən biri də Bakının mərkəzində reallaşdırılıb. Qeyri-hökumət təşkilatlarının təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanım milli baş örtüyümüz – kəlağayı ilə gəzinti-yürüşü keçirib. Qız Qalasının qarşısından başlayan yürüş şəhər sakinlərinin və turistlərin diqqətini cəlb edib. İştirakçılar bu təşəbbüslə milli geyimlərimizə, xüsusilə kəlağayıya marağın artırılmasına və qədim ənənələrimizin yaşadılmasına töhfə verməyə çalışıblar.
Yürüşdə QHT nümayəndələri ilə yanaşı media nümayandələri də iştirak edib. Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər.

Yürüşdə iştirak edən Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva sözügedən məsələ ilə bağlı SİA-nın əməkdaşı ilə həmsöhbət olub.
O deyib ki, yürüşün məqsədi milli geyimlərimizi təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. İstəyirik ki, gələcək nəsillər də bu dəyərləri özlərindən sonrakı nəsillərə ötürsünlər və əhalini milli irsimizi qorumağa təşviq etsinlər. Bugünkü təşəbbüsümüz xüsusilə gənclərə və geniş ictimaiyyətə yönəlib: "İstəyirik ki, hər kəs milli geyimlərimizdən istifadə etsin, onlara dəyər versin. Çünki Azərbaycan qadınının gözəlliyini və milli kimliyini əks etdirən əsas elementlərdən biri onun milli geyimi və baş örtüyüdür. Kəlağayılarımız, həqiqətən də, bizim qürurumuz və gözəlliyimizdir".

Digər həmsöhbətimiz "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyinin sədri Qəmzə Yusubova bildirib ki, Azərbaycan turistlərlə zəngin ölkədir. İstəyirik ki, təkcə gənclərimiz və yerli əhali deyil, ölkəmizə turist kimi gələn insanlar da milli qürurumuzun, mədəniyyətimizin və kimliyimizin şahidi olsunlar: "Onlar Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə verdiyi qiyməti görsünlər.
Kəlağayı Azərbaycan xalqının, Azərbaycan qadınının milli qürurudur. O, xalqımızın tarixini və milli kimliyini özündə əks etdirən dəyərli irsimizdir. Kəlağayının hər bir naxışı qədim tariximizə və keçmişimizə söykənir. Bu gün biz həmin irsi qürurla yaşadır və gələcək nəsillərə ötürürük. Kəlağayının hər bir ilməsində, hər bir rəngində milli kimliyimiz, ruhumuz və tariximiz öz əksini tapır".

Bir neçə QHT üzvü olan Hənifə Orucova isə bildirib ki, mənim üçün kəlayağı sadəcə geyim aksesuarı deyil, uşaqlığımdan bu günə qədər yaşatdığım milli dəyərlərdir. Bu ənənəni bu gün də davam etdirirəm: "Qızıma və gəlinimə də tövsiyə edirəm ki, milli kimliyimizi heç vaxt itirməsinlər".

Yürüş iştirakçılarının təşəbbüsü şəhər sakinləri ilə yanaşı, xarici qonaqların da diqqətini cəlb edib. İlk dəfə Bakıya gələn Türkiyə vətəndaşı Birgül Karabıçak bizə yürüşlə bağlı təəssüratlarını bölüşüb. O, ilk dəfə Bakıya gəldiyini və gördüyü qarşılanmanın gözlədiyindən daha gözəl olduğunu bildirib. Karabıçak belə təşəbbüslərin davamlı olmasını arzuladığını vurğulayıb.
O, baş örtüyü ilə bağlı fikirlərini də bölüşərək üzün örtülməsinə qarşı olduğunu, lakin ənənəvi baxımdan bir ölkənin mədəniyyətini və adət-ənənələrini təmsil edən geyimlərə hörmətlə yanaşdığını qeyd edib.

Türkiyə vətəndaşı Nuray Öztürk də kəlağayı ilə keçirilən yürüşün əhəmiyyətindən danışıb. O, bu gözəl ənənə ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib və kəlağayının Azərbaycan qadınının zərifliyini, milli kimliyini və mədəniyyətini əks etdirən dəyərli irs nümunəsi olduğunu vurğulayıb.
Nuray Öztürk belə tədbirlərin keçirilməsinin milli irsin gənc nəslə tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin güclü olduğunu qeyd edərək, bu cür ənənələrin ortaq dəyərlərin zənginliyini bir daha nümayiş etdirdiyini söyləyib.
Kəlağayı ilə keçirilən bu yürüş bir daha göstərib ki, milli irsin yaşadılması yalnız keçmişin qorunması deyil, həm də onun gələcək nəsillərə ötürülməsidir. İpəyin zərifliyində, naxışların ahəngində və rənglərin çalarlarında yaşanan kəlağayı ənənəsi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Belə təşəbbüslər isə milli dəyərlərimizin tanıdılmasına, kəlağayıya marağın artırılmasına və bu qədim sənətin yaşadılmasına töhfə verir.