Endirimdə olan ərzaqları alarkən istehlakçılar nələrə diqqət etməlidirlər? - MÜTƏXƏSSİS AÇIQLADI

14 Oktyabr 2026 16:07 (UTC+04:00)

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusilə süd məhsulları, konservlər, şirniyyatlar və digər ərzaqların endirimlə satılması alıcıları seçim qarşısında qoyur.

Bəs son istifadə tarixinə bir neçə ay qalmış məhsulları almaq sağlamlıq baxımından nə dərəcədə təhlükəsizdir? Məhsulun üzərindəki tarix onun keyfiyyətinə tam zəmanət verirmi? Endirimdə olan ərzaqları alarkən istehlakçılar nələrə diqqət etməlidirlər?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, marketlərdən istifadə müddətinin bitməsinə az qalmış məhsulları alarkən qida təhlükəsizliyi ilə bağlı istehsal və son istifadə tarixləri qaydasında olsa da, bir sıra məqamlara diqqət yetirmək tövsiyə olunur:

"Adətən bu məhsulların kampaniyalar və müəyyən həvəsləndirici market strategiyaları vasitəsilə satışını artırmaq üçün müəyyən addımlar atılır. Məqsəd son istifadə tarixi yaxınlaşan məhsulların satışını intensivləşdirməkdir. Lakin bu, son istifadə müddətinin bitməsinə 2-3 ay, 3-4 ay, 10 gün və ya bir həftə qalmış məhsulların istifadəsinin məsləhət görülmədiyi demək deyil. Bu məhsulların da son istifadə tarixi üzərində göstərilən tarixə qədərdir. Yəni həmin tarix son gündür və məhsulu son istifadə tarixinə qədər istifadə etmək olar.

Sadəcə, daha çox diqqət yetirilməli olan məqam odur ki, adətən uzun müddət saxlanılan qidaların son istifadə tarixinə az müddət qaldıqda onların qablaşdırmasında müəyyən batıqlar, qablaşdırma materiallarının bütövlüyünün pozulması, qabarmalar və ya hər hansı deformasiya halları müşahidə oluna bilər. Belə məhsullara satışda bilərəkdən və ya bilməyərəkdən rast gəlmək mümkündür.

Ona görə də məhsul alarkən onun son istifadə tarixi ilə yanaşı, qablaşdırmasının vəziyyətinə də mütləq diqqət yetirmək lazımdır. Üzərində göstərilən son istifadə tarixi məhsulun yararlılıq müddətinin son gününü bildirir. Həmin tarixə qədər məhsulun istehlak edilməsində, düzgün saxlanma şərtlərinə əməl olunduğu təqdirdə, heç bir qəbahət yoxdur. Bu baxımdan, son istifadə tarixinə az müddət qalması özlüyündə qidanın keyfiyyəti və təhlükəsizliyi nöqteyi-nəzərindən risk faktoru yaratmır. Əsas məqam məhsulu alarkən qablaşdırma materiallarının bütövlüyünə, məhsulun keyfiyyət göstəricilərinə və etiket məlumatlarına diqqət yetirməkdir".