"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayında xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın bu istiqamətdəki siyasətinin əsas prinsiplərini bir daha aydın şəkildə ortaya qoyub".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərindən biri onun müstəqil, suveren və milli maraqlara əsaslanan xarakterə malik olmasıdır. Ölkəmiz hər hansı geosiyasi blokun və ya güc mərkəzinin təsir dairəsinə daxil olmadan, beynəlxalq münasibətlərdə öz strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir və həyata keçirir. Azərbaycanın xarici siyasət kursu müxtəlif güc mərkəzləri ilə münasibətlərin qarşıdurma deyil, qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə söykənir:
"Bu çoxvektorlu və balanslaşdırılmış diplomatik yanaşma ölkəmizin strateji manevr imkanlarını genişləndirir, beynəlxalq mövqelərini möhkəmləndirir və milli maraqlarının effektiv müdafiəsini təmin edir. Müstəqil xarici siyasətin mühüm nəticəsi Azərbaycanın beynəlxalq proseslərdə mövqeyi nəzərə alınan, təşəbbüsləri və təsir imkanları qəbul edilən etibarlı tərəfdaş kimi tanınmasıdır. Qlobal güc mərkəzləri olan Çinlə hərtərəfli strateji tərəfdaşlığın yaradılması, ABŞ-la strateji tərəfdaşlıq xartiyasının imzalanması Azərbaycanın müstəqil diplomatiyasının, siyasi subyektliyinin təzahürü və beynəlxalq nüfuzunun göstəricisidir.
Eyni zamanda, Azərbaycanın Rusiya, Ukrayna, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə əlaqələri də öz məzmununa və xarakterinə görə fərqlənir. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinin olması, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik razılaşdırması, Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması göstərir ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə xarici siyasətini uğurla şaxələndirib. Burada əsas məsələ ayrı-ayrı tərəfdaşlıqların bir-birinə alternativ kimi təqdim edilməməsidir. Azərbaycan hər bir istiqamətdə öz milli maraqlarından çıxış edir və münasibətlərin sabit dinamik inkişafını təmin edir.
Bu yanaşma Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələnin əsas xüsusiyyətlərindən biridir. Prezident İlham Əliyevin strateji baxışlarına əsaslanan müstəqil, prinsipial və ardıcıl xarici siyasət kursu dəyişən geosiyasi reallıqlara çevik uyğunlaşmaqla yanaşı, milli maraqların üstünlüyünü və dövlətin suveren qərarvermə imkanlarını təmin edir. Yeni mərhələdə Azərbaycan beynəlxalq münasibətlərdə yalnız proseslərin iştirakçısı deyil, həm də regional gündəliyin formalaşmasına təsir göstərən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq quran və öz strateji təşəbbüslərini irəli sürən dövlət kimi çıxış edir.
Müstəqil xarici siyasətin Azərbaycanın qazandırdığı digər mühüm üstünlük ölkəmizin ziddiyyət və qarşıdurma içində olan tərəflər arasında təmasların qurulduğu platformaya çevrilməsidir. Bu cür funksiyanı yerinə yetirmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün dövlətin beynəlxalq tərəfdaşları arasında yüksək etimad və etibara malik olması vacibdir. Azərbaycan müxtəlif mövqelərdə dayanan, hətta bir-biri ilə ziddiyyət və qarşıdurma yaşayan tərəflərin təmas qura bildiyi məkana çevrilib. Bu, təsadüfi deyil. Azərbaycanın bütün tərəflərlə münasibətlərində ardıcıl və praqmatik mövqe nümayiş etdirməsi ölkəmizə qarşı etimadı artırıb. Tərəflər bilir ki, Azərbaycan öz milli maraqlarından çıxış edir, praqmatik və balasnlaşdırılmlş siyasət yürüdür, kiminsə digərinə qarşı istifadə etdiyi platformaya çevrilmək niyyətində deyil. Bu isə ölkəmizin dialoq qurmaq və uzlaşdırıcı imkanlarını genişləndirir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bundan sonra daha fəal xarici siyasət yürütməsinin vacibliyini vurğulaması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Azərbaycan artıq yalnız mövcud proseslərə reaksiya verən ölkə kimi çıxış etmir. Ölkəmiz təşəbbüslər irəli sürür, yeni əməkdaşlıq formatlarının formalaşmasında iştirak edir və müxtəlif platformalarda gündəliyin müəyyənləşməsinə töhfə verir. Bu, xarici siyasətdə yeni mərhələnin xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikası Prezident İlham Əliyevin strateji baxışlarına uyğun prinsipial və davamlı xarici siyasət kursunu məharətlə davam etdirir.
Azərbaycanın müstəqil xarici siyasətinin digər göstəricisi ölkənin müxtəlif beynəlxalq və regional təşkilatlarda yalnız iştirakçı deyil, Prezident İlham Əliyevin strateji baxışlarına uyğun fəal təşəbbüskar kimi çıxış etməsidir.
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallıq da Azərbaycanın xarici siyasətində ayrıca istiqamətdir. Prezident qurultayda gələn il Azərbaycanda İƏT Zirvə Görüşünün keçirilməsinin nəzərdə tutulduğunu bildirərək, ölkənin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birləşdirici rol oynamaq niyyətini vurğulayıb. Azərbaycanın dünyəvi dövlət modeli ilə yanaşı, İslam dünyası ilə tarixi, mədəni və siyasi əlaqələri bu istiqamətdə ona fərqli diplomatik imkanlar verir.
Azərbaycanın 2027-ci ildə MDB çərçivəsində Özbəkistanla birlikdə həmsədrliyi öz üzərinə götürməsi və 2028-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bəyan etməsi ölkəmizin çoxtərəfli diplomatiyasında yeni mərhələnin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü Azərbaycanın regional əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsində daha fəal məsuliyyət daşımaq iradəsini nümayiş etdirir.
Uzun illər Ermənistanın işğal siyasətinin yaratdığı qarşıdurma mühiti regional əməkdaşlıq imkanlarını məhdudlaşdırırdı. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu status kvotanı dəyişərək qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün yeni siyasi zəmin yaradıb. Bu baxımdan, Prezident İlham Əliyevin sülh strategiyasının mahiyyətini əldə olunmuş hərbi-siyasi nəticələrin dayanıqlı sülhə, iqtisadi əməkdaşlığa və regional etimada çevrilməsi kimi qiymətləndirmək olar. Kommunikasiyaların açılması planları və ticarət əlaqələrinin inkişafı sülhün praktik faydalarını gücləndirən mühüm vasitələrdir.
Azərbaycanın hazırda Türk Dövlətləri Təşkilatında (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyətlət və Etimad Tədbirləri Üzrə Müşavirə (AQEM) çərçivəsində sədrlik təcrübəsi ölkəmizin müxtəlif əməkdaşlıq məkanlarında artan rolunu göstərir. 2027-ci ildə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik etməsi və ölkəmizdə növbəti sammitin təşkili Xəzərin birləşdirici coğrafi üzstünlüyündən irəli gələn regional gündəlik formalaşdırmaq gücünü təsdiqləyir.
2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinə ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək. Bu, Azərbaycanın İslam dünyasında çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrin və təşkilat daxilində fəal rolunun göstəricilərindən biridir.
2028-ci ilin mayında isə 47 üzv dövləti, o cümlədən 27 Avropa İttifaqı üzvünü bir araya gətirən Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi Bakının beynəlxalq dialoq məkanı kimi mövqeyini möhkəmləndirir.
Bu proseslər Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, müstəqil və çoxşaxəli xarici siyasətinin nəticələri kimi dəyərləndirilir. Müxtəlif siyasi və coğrafi platformalarda fəallıq Azərbaycana tərəfdaşlıq əlaqələrini şaxələndirmək, diplomatik manevr imkanlarını genişləndirmək və ortaq maraqlar ətrafında əməkdaşlığı təşviq etmək imkanı verir. Növbəti iki ildə planlaşdırılan sədrlik və ev sahibliyi funksiyalarının strateji əhəmiyyəti məhz onların konkret təşəbbüslərə, razılaşmalara və davamlı əməkdaşlıq mexanizmlərinə çevrilməsindədir.
Məhz tarixi Zəfərimizdən, 44 Günlük Vətən müharibəsindən cəmi 4 ay sonra 2021-ci il fevral ayının 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında Azərbaycanın digər ölkələr arasında barışdırıcı rolundan, sabitliyin qorunmasından və xarici gərginliklərin azaldılmasından danışmışdı.Bu strateji kurs həmin vaxtdan uğurla davam etdirilir.
Prezident İlham Əliyev hələ cari ilin iyulunda IV Şuşa Qlobal Media Forumunun açılışında etdiyi çıxışında Azərbaycanın orta güc kimi xarakterizə edilməsinə münasibət bildirib və ölkənin öz milli maraqlarını müstəqil müdafiə etmək qabiliyyətini əsas meyarlardan biri kimi göstərib. Bu mənada, Azərbaycanı beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, regional proseslərə təsir göstərən və müxtəlif tərəfdaşlar arasında dialoqu təşviq edən fəal orta güc kimi səciyyələndirmək əsaslıdır. Ölkəmizin bu mövqeyini gücləndirən başlıca amil suveren qərarvermə qabiliyyətinin sülh təşəbbüsləri, iqtisadi bağlantılar və ardıcıl diplomatik fəaliyyətlə tamamlanmasıdır.
Prezident Yeni Azərbaycan Partiyasının VIII Qurultayında bu fikrin davamında orta güc statusunun iqtisadi müstəqillik, beynəlxalq nüfuz və dövlətin öz taleyini müstəqil müəyyənləşdirmək imkanları ilə bağlı olduğunu vurğulayıb: “Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər.” Prezidentin yanaşmasına əsasən, orta güc statusu yalnız ölkənin ərazisi, əhalisi və iqtisadi göstəriciləri ilə deyil, həm də müstəqil qərarvermə qabiliyyəti, suveren siyasəti və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul olunması ilə müəyyən edilir".