“Kəlağayı nənələrimizdən bizə qalan qədim dəyərdir” - Şəhər sakini

14 Oktyabr 2026 15:15 (UTC+04:00)

Kəlağayı nənələrimizdən bizə miras qalan qədim milli dəyərlərimizdən biridir. Hər bir xanımımız bu ənənəni yaşatmalı, kəlağayıya dəyər verməli və gələcək nəsillərə ötürməlidir.

SİA xəbər verir ki, bu sözləri şəhər sakini Sürayə Rüstəmova “Kəlağayı yürüşü” zamanı açıqlamasında deyib.

O bildirib ki, kəlağayı onun üçün namus, ismət və milli-mənəvi dəyərlərin rəmzidir. Sürayə Rüstəmova nənəsinin də kəlağayı bağladığını xatırladaraq, özünün də qədim adət-ənənələri yaşatmağa çalışdığını vurğulayıb.

Şəhər sakini qeyd edib ki, milli adət-ənənələrimizi çox sevir və onlara böyük dəyər verir. Hətta aşıq məclislərində iştirak etməsi də bu ənənələrə olan bağlılığının göstəricisidir.

O, bütün Azərbaycan xanımlarını nənələrimizdən bizə qalan kəlağayını əziz tutmağa, bu milli mirası qorumağa və yaşatmağa çağırıb.