“Milli geyimimizlə qürur duyuruq” - Nailə İsmayılova

14 Oktyabr 2026 14:43 (UTC+04:00)

Milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmaq və milli geyimlərimizi təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur. Kəlağayı isə Azərbaycan xanımlarının qədimdən istifadə etdiyi, milli kimliyimizi və ənənələrimizi yaşadan baş örtüyüdür.

SİA xəbər verir ki, bu sözləri “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova “Kəlağayı yürüşü” zamanı açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan torpağının hər qarışı xalqımız üçün əzizdir və milli kimliyimiz, milli geyimlərimizdə də öz əksini tapır. Nailə İsmayılova milli geyimdə olmağın onun üçün qürur mənbəyi olduğunu vurğulayıb.

İctimai birlik sədri qeyd edib ki, Azərbaycan vətəndaşı və vətəndaş cəmiyyətinin üzvü olaraq əsas vəzifələrdən biri milli-mənəvi dəyərləri həm ölkə daxilində, həm də xaricdə təbliğ etməkdir.

Onun sözlərinə görə, Azərbaycanda təhlükəsizliyin təmin olunması ölkəyə turist marağını da artırır. Yürüş zamanı turistlərin milli geyimlərə və kəlağayıya maraq göstərməsi, iştirakçılarla şəkil çəkdirməyə çalışması bu dəyərlərin tanıdılması baxımından əhəmiyyətlidir.

Nailə İsmayılova əlavə edib ki, kəlağayının düzgün bağlanması, zövqlə daşınması və təqdim olunması da onun təbliğində mühüm rol oynayır. Kəlağayı Azərbaycan xanımları üçün ən gözəl baş örtüklərindən biri olmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini yaşadan dəyərdir.