İran qonşu ölkələri təhdid edir

14 Oktyabr 2026 13:15 (UTC+04:00)

İran ABŞ prezidenti Donald Trampın noyabrın əvvəlində keçiriləcək konqres seçkilərindən sonra yenidən başlada biləcəyi Amerika hücumlarını dəf etməyə hazırlaşır və eyni zamanda regionda böyük eskalasiya ilə hədələyir. The Wall Street Journal qəzeti dünən mənbələrə istinadən bu barədə məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın yeni hərbi əməliyyatının qarşısını almaq üçün bəzi İran rəsmiləri qüvvələrinin qonşu ölkələrə quru hücumu həyata keçirə biləcəyinə işarə etməyə başlayıblar.

Milli Təhlükəsizlik Direktoru Möhsün Rezayi də bildirib ki, yeni zərbələr Tehranın yaz sonundan bəri nadir hallarda atəşə tutduğu BƏƏ-ni, eləcə də regiondakı məlumat mərkəzlərini və internet kabellərini hədəf ala bilər.

Mənbələrə görə, Tehran ərəb ölkələrini xüsusi olaraq xəbərdarlıq edib ki, hərbi münaqişənin yenidən başlaması halında Səudiyyə Ərəbistanının neft obyektləri kimi hədəflərə zərbə endirməyə başlaya bilər. Səudiyyə Ərəbistanı həftəsonu Ər-Riyad hava limanını atəşə tutan Yəmən husilərinin hərəkətləri səbəbindən artıq ciddi itkilər verir.

Peyk görüntüləri göstərir ki, İran nüvə proqramını yerləşdirənlər də daxil olmaqla, sərhəd ərazilərini və strateji əhəmiyyətli obyektləri möhkəmləndirir. Donald Tramp israr edir ki, Tehranın proqrama son qoymaq barədə razılığı Fars körfəzində hərbi əməliyyatları dayandıracaq. İran hökuməti belə bir vəd verməkdən imtina edir.

Nəşrin məlumatına görə, İran hökuməti həmçinin əhalini hərbi əməliyyatların yenidən başlamasına hazırlayır. Əsgərlər müharibə hekayələrini oxumaq üçün uşaq bağçalarına göndərilir, daşınan hava hücumundan müdafiə sistemlərinin atəşə tutulması üzrə təlimlər reklam olunur və vətənpərvərlik mitinqləri keçirilir.

"İndiyə qədər hərbi ritorika onlara (hökumətə - red.) bir çox cəbhədə - diplomatik, iqtisadi və siyasi baxımdan yaranmış çıxılmaz vəziyyətə görə yaxşı xidmət edib. Yeni müharibə İslam Respublikasının yaratdığı çıxılmaz vəziyyətdən çıxmasına kömək edə bilər", - deyə Chatham House beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sanam Vakil bildirib.

Məlum olduğu kimi, ABŞ ordusu da mümkün hərbi əməliyyatların yenidən başlamasına hazırlaşır. Üçüncü aviadaşıyıcı zərbə qrupu və başqa bir dəniz ekspedisiya bölməsi Yaxın Şərqə doğru gedir. Pentaqon həmçinin regiondakı bazalarına əlavə hava hücumundan müdafiə vasitələri və sursat göndərməyi də nəzərdən keçirir.

Media həmçinin ABŞ prezidenti Donald Trampın ötən həftə milli təhlükəsizlik müşavirlərinin iclasından sonra ona təqdim edilən İrana qarşı yeni hərbi əməliyyat planını nəzərdən keçirdiyini bildirib.

VƏLİ