"Azərbaycan Prezidenti ilə Kambocanın Baş nazirinin mətbuat üçün açıqlamalarında iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən birgə istehsal sahələrinin qurulması əsas hədəflərdəndir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsi 12,7 milyon dollardır və bu ticarət dövriyyəsinin artırılması da əsas hədəflər sırasındadır, eyni zamanda, sözsüz ki, Kamboca yüngül sənayedə xüsusi üstünlüyə malik olan ölkədir. Ümumiyyətlə, Kambocanın ixracatının 80 faizini yüngül sənaye məhsulları təşkil edir.
Bu kontekstdən yanaşdıqda, iqtisadiyyatın fərqli və xüsusilə də Azərbaycan üçün vacib olan qeyri-neft-qaz sektorları üzrə əməkdaşlıq imkanları genişdir. Ona görə də birgə istehsal müəssisələrinin yaradılması birmənalı şəkildə iqtisadiyyat üçün yeni dəyərdir. Bu, iqtisadiyyatın inkişafını stimullaşdıracaq və ölkə iqtisadiyyatındakı artım tempinə müsbət təsir göstərəcək.
Eyni zamanda, bu, yeni iş yerləri deməkdir. Çünki nəticədə yeni iş yerlərinin yaradılmasına və məşğulluğun təmin edilməsinə də müsbət təsir göstərəcək".