Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

14 Oktyabr 2026 11:41 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 9 Azərbaycan vətəndaşı 2026–2027-ci tədris ilində Qazaxıstanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu barədə SİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Qazaxıstan tərəfinin yekun seçim qərarına əsasən, seçilənlərdən 4 nəfər Əl-Fərabi adına Qazax Milli Universitetində, 2 nəfər Almatı İdarəetmə Universitetində, digər 3 nəfər isə müvafiq olaraq Lev Qumilyov adına Avrasiya Milli Universitetində, Maqsud Narikbayev adına Universitetdə və Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində təhsil alacaq.

Təhsil almaq hüququ qazananlardan 3 nəfər bakalavriat, 1 nəfər magistratura, 5 nəfər isə doktorantura səviyyəsi üzrə seçilib.

Proqram çərçivəsində təhsil istiqamətləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial elmlər, eləcə də yer elmlərini əhatə edir.

Qeyd olunub ki, Hökumətlərarası Təqaüd Proqramı Azərbaycan və Qazaxıstanın Elm və Ali Təhsil nazirlikləri arasında imzalanmış elm və ali təhsil sahəsində əməkdaşlığa dair saziş əsasında həyata keçirilir.