Təhsildə vahid geyim standartları - MƏQALƏ

14 Oktyabr 2026 11:23 (UTC+04:00)

Təhsil müəssisələrində geyim qaydaları yalnız xarici görünüşlə bağlı məsələ deyil, həm də təhsil mühitinin təşkili, məktəbdaxili intizam və ümumi təhsilin hüquqi prinsipləri ilə əlaqəlidir. Bu qaydaların məqsədi təhsilalanlar və təhsilverənlər üçün müəyyən edilmiş tələblərin tətbiqində vahid yanaşmanı təmin etməkdir. Geyimlə bağlı normaların hüquqi qiymətləndirilməsi zamanı isə dünyəvilik prinsipi və uşaqların hüquqlarının qorunması birlikdə nəzərə alınmalıdır.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa 2026-cı ildə edilmiş dəyişikliklərlə ümumi təhsil sahəsində “millilik və dünyəvilik” prinsipi ayrıca müəyyən edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunmasını, onların vəhdətinin təmin edilməsini və dünyəvi ümumi təhsil sisteminin inkişafını nəzərdə tutur. Həmin dəyişikliklərlədövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyim tələblərinə riayət etməsi, eləcə də valideynlərin övladlarının müəyyən edilmiş geyim formasına əməl etməsini təmin etməsi qanunvericilikdə təsbit olunub.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Vlll Qurultayında çıxışında ideoloji təhlükəsizlik və milli-mənəvi dəyərlərin qorunması aspektindən əhəmiyyəti barədə danışmışdır. Dövlət başçımızçıxışında ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu vurğulayaraq, xarici ideoloji təsirlərə qarşı mübarizədə təhsilin və vətənpərvərliyin rolunu xüsusi qeyd etmişdir. Bu baxımdan, ümumi təhsil müəssisələrində geyim tələblərinin vahid yanaşma əsasında tənzimlənməsi məktəb mühitində milli və ümumbəşəri dəyərlərə hörmətin, dünyəvilik prinsipinin və sağlam təhsil mühitinin qorunması ilə əlaqələndirilir. Eyni zamanda, uşaqların dünyagörüşünün sağlam əsaslarla formalaşdırılması və onların müxtəlif ideoloji təsirlərdən qorunması təhsilin mühüm vəzifələrindən biridir.

Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyimi ilə bağlı tələblər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi, vahid məktəb mühitinin formalaşdırılması və təhsilalanlar arasında bərabərliyin təmin olunması məqsədi daşıyır. Vahid məktəbli forması şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəbə bağlılıq hissini gücləndirməklə yanaşı, geyim və maddi imkanlar əsasında fərqləndirmə hallarının azaldılmasına xidmət edir.

Geyim tələblərinin hüquqi əsası Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanunu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş məktəbli geyim formalarının təsvirləri və həmin sənədə sonradan edilmiş dəyişikliklərlə müəyyən olunur. Bu qaydalar təhsilalanların müəyyən edilmiş məktəbli formasına riayət etməsini nəzərdə tutur. Valideynlər və ya digər qanuni nümayəndələr də uşaqların geyimlə bağlı tələblərə əməl etməsini təmin etməlidirlər.

Məktəbli geyimi ilə bağlı tələblərin tətbiqi yalnız xarici görünüşün tənzimlənməsi deyil, eyni zamanda məktəbdə nizam-intizamın, qarşılıqlı hörmətin və vahid təşkilati mühitin qorunması baxımından əhəmiyyətlidir. Bu yanaşma milli və ümumbəşəri dəyərlərin qorunması ilə dünyəvi təhsil prinsiplərinin uzlaşdırılmasını nəzərdə tutur.

Təhsilverənlərin geyiminə dair konkret tələblər Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilib. Qərara əsasən, müəllimlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalı, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun gəlməlidir. Müəyyən fənlərin tədrisi zamanı iş şəraitinə uyğun funksional geyimlərdən istifadəyə yol verilir.

Sənəddə müəllimlərin geyiminin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olması da nəzərdə tutulur. Azərbaycan tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə isə Pedaqoji Şuranın qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadə edilə bilər. Tələblərə riayət olunmasına məktəb rəhbərliyi nəzarət edir.

Azərbaycan Respublikasında dövlət-din münasibətləri Konstitusiya ilə tənzimlənir. Konstitusiyanın 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Konstitusiyanın 48-ci maddəsi isə hər kəsin vicdan azadlığını, istənilən dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququnu təmin edir.

Bu müddəalar dini etiqad azadlığının konstitusion təminatlarını və təhsil sisteminin dünyəvi xarakterini müəyyən edir. Bununla yanaşı, dini etiqad azadlığı ilə təhsil müəssisələrində qüvvədə olan konkret geyim tələbləri hüquqi baxımdan fərqli məsələlərdir. Buna görə geyim qaydalarının tətbiqi zamanı müvafiq normativ hüquqi aktların dəqiq məzmunu əsas götürülməlidir.

Azərbaycanda dini sahədə dövlət siyasətinin hüquqi əsaslarından biri dini etiqad azadlığının təmin edilməsi və müxtəlif dini konfessiyaların qanun qarşısında bərabərliyinin qorunmasıdır. Dini icmaların fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş çərçivədə həyata keçirilir, dövlət qurumları isə dini sahədə qanunvericiliyin tətbiqi, dini maarifləndirmə və konfessiyalararasıqarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyət göstərirlər.

Dövlətin dini icmalara dəstəyi müxtəlif konfessiyaların fəaliyyətinə maliyyə yardımı göstərilməsində də ifadə olunur. Bu tədbirlər dini icmaların fəaliyyətinə dövlət dəstəyinin nümunəsidir. Eyni zamanda, dini konfessiyaların hüquqlarının qorunması və dini etiqad azadlığının təmin edilməsi dünyəvi dövlət prinsipi ilə ziddiyyət təşkil etmir, bu məsələlər Konstitusiya və müvafiq qanunvericilik çərçivəsində tənzimlənir.

Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixli 300 nömrəli Qərarı ilə təsdiq edilmiş Nümunəvi Nizamnamənin 5.15.8-ci yarımbəndinə əsasən, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarını təsdiq etmək məktəb direktorunun səlahiyyətlərinə aiddir. Bu müddəa məktəbdaxili qaydaların müəyyənləşdirilməsivə tətbiqində məktəb rəhbərliyinin rolunu müəyyən edir.

Geyim tələblərinin icrası zamanı normativ hüquqi aktların müddəaları, məktəbin daxili intizam qaydaları və təhsil prosesinin xüsusiyyətləri nəzərə alınmalıdır. Valideynlərin məlumatlandırılması və uşaqların hüquq və mənafelərinin qorunması da bu prosesin mühüm elementləridir.

Dövlət ümumi təhsil müəssisələrində geyim tələbləri təhsil sahəsində vahid yanaşmanın formalaşdırılması, məktəbdaxili intizamın təmin edilməsi və ümumi təhsilin dünyəvi xarakterinin qorunması ilə bağlı hüquqi çərçivənin bir hissəsidir. Bu tələblər tətbiq edilərkən həm təhsil qanunvericiliyinin konkret müddəaları, həm də Konstitusiyada təsbit olunmuş vicdan azadlığı və dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri nəzərə alınmalıdır.

2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanunla “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklər təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin hüquqi tənzimlənməsini dəqiqləşdirir, müəyyən edilmiş geyim qaydalarına riayət olunmasının əhəmiyyətini və bu sahədə müvafiq dövlət qurumlarının səlahiyyətlərini müəyyən edir. Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş normativ hüquqi aktlar geyim tələblərinin həyata keçirilmə mexanizmlərini konkretləşdirir.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə məktəbli formalarına dair tələblərə edilmiş dəyişikliklərə əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindənistifadə oluna bilər. Valideynlər və digər qanuni nümayəndələr uşaqlarının müəyyən edilmiş geyim tələblərinə riayət etməsini təmin etməlidirlər.

Ümumilikdə, geyimlə bağlı hüquqi tənzimlənmənin məqsədi yalnız şagirdlərin xarici görünüşünə dair qaydalar müəyyən etmək deyil, həm də məktəbdə vahid təşkilati mühitin, nizam-intizamın, bərabərliyin və dünyəvi təhsil prinsiplərinin qorunmasını təmin etməkdir.

Beləliklə, Azərbaycanda dini sahənin tənzimlənməsi dini etiqad azadlığı, dini konfessiyaların qanun qarşısında bərabərliyi və dövlət təhsil sisteminin dünyəvi xarakteri prinsipləri əsasında həyata keçirilir. Bu prinsiplərin hüquqi tətbiqi zamanı dini etiqad azadlığına dair ümumi konstitusion təminatlarla təhsil müəssisələrində qüvvədə olan konkret normativ tələblər fərqləndirilməlidir.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini