"Avtomobil bazarında plug-in hibrid avtomobillərə marağın əsas səbəblərindən biri yanacağa qənaət imkanlarıdır. Alıcılar nəqliyyat vasitəsi seçərkən, ilk növbədə, yanacaq sərfiyyatının az olmasına və istismar xərclərinin aşağı düşməsinə üstünlük verirlər".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, ənənəvi yanacaqla işləyən avtomobillərin istismarı müəyyən xərclər tələb edir. Plug-in hibrid avtomobillər isə elektrik enerjisindən də istifadə etməklə bu xərcləri azaltmağa imkan verir. Bununla belə, həmin avtomobillərin bəzi mənfi cəhətləri də var. Ehtiyat hissələrinin baha olması, təmir və usta xərclərinin yüksəkliyi, eləcə də bəzi hissələrin tapılmasında çətinliklərin yaranması alıcıları tərəddüdə sala bilər:
"Digər alternativ nəqliyyat vasitələrində də fərqli istismar xüsusiyyətləri və xərclər mövcuddur. Buna görə də plug-in hibrid avtomobillərin Azərbaycan bazarında nə dərəcədə geniş yayılacağını zaman göstərəcək. Çünki yerli alıcıların seçimində yalnız yanacaq qənaəti deyil, avtomobilin ümumi istismar xərcləri də mühüm rol oynayır.
Azərbaycanlı alıcı üçün yanacağa qənaətlə yanaşı, təmir xərclərinin münasib olması, ehtiyat hissələrinin əlçatanlığı və onların uzun müddət gözlənilmədən əldə edilməsi də vacibdir. Bütün bu amillər avtomobilin iqtisadi baxımdan nə dərəcədə sərfəli olduğunu müəyyənləşdirir və nəticə etibarilə bazarda ona olan tələbatı formalaşdırır".