"Azərbaycan-Pakistan münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında əlaqələr siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, tərəflər münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırmaq istiqamətində mühüm addımlar atır, beynəlxalq məsələlərdə bir-birinə dəstək nümayiş etdirirlər:
"Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi etməsi də iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin göstəricisidir. Dövlət və hökumət başçıları arasında mütəmadi təmaslar, qarşılıqlı dəstək və həmrəylik əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.
Hesab edirəm ki, dünya siyasi nizamında Azərbaycan-Pakistan əməkdaşlığı və qardaşlığı bir çox ölkələr üçün nümunə təşkil edir. Bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regional və beynəlxalq siyasi proseslər kontekstində xüsusi əhəmiyyət daşıyır".