Sevindirici haldır ki, Sumqayıt Dövlət Dram Teatrı bina ilə təmin olunduqdan sonra daha gözəl tamaşalar hazırlamaqla sumqayıtlıların diqqətini və marağını cəlb edə bilib və tamaşaçılar yeni tamaşaları hər dəfə məmnuniyyətlə seyr edirlər.
Oktyabrın 22-də saat 16:00-da teatrda Xalq şairi, yazıçı-dramaturq Sabir Rüstəmxanlının “Sürgün sevgi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək. İkihissəli milli faciə janrında olan səhnə əsəri müəllifin 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşov, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, plastik hərəkətlər və rəqslər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.
“Sürgün sevgi” XX əsrin müxtəlif tarixi mərhələlərində Azərbaycan xalqının üzləşdiyi ağır sınaqları əks etdirir. Tamaşada 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün mürəkkəb reallıqları bədii şəkildə təqdim olunur.
Səhnə əsərində 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar da öz əksini tapır. Bununla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti də tamaşanın əsas mövzularındandır.
Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Elmira Kərimova, Sədaqət Nuriyeva, eləcə də aktyorlar Elay Xasıyev, Vəfa Qurbanova, Rövşən Əsgərov, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Cavanşir Eyyubzadə, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı iştirak edirlər.
Həm tarixin gedişatını seyr et, həm də bunu bədii ifadə vasitələri ilə et. Əlbəttə ki həm müəllifin ustadlığı, həm də teatr heyətinin sənətkarlığı yaddaşlara həkk olunacaq bir tamaşadan xəbər verir.
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi