“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı Azərbaycanın tarixi nailiyyətlərinin qiymətləndirilməsi və gələcək hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında Vətən müharibəsinə aparan yolu, tarixi Zəfərin əhəmiyyətini, Azərbaycan Ordusunun və şəhidlərimizin misilsiz xidmətlərini xüsusi vurğulayıb”.
Bu sözləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramı isə Zəfərdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biridir:
”İşğaldan azad edilmiş ərazilərin bərpası, mina təhlükəsinin aradan qaldırılması və əhalinin doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin olunması böyük maliyyə vəsaiti və uzunmüddətli planlaşdırma tələb edir. Bu ərazilərdə ilk növbədə infrastrukturun, kommunikasiyaların, elektrik, qaz və su təchizatının yaradılması insanların normal yaşayışı üçün vacib şərtdir.
Beynəlxalq təşkilatların və dövlətlərin mina təmizləmə və bərpa işlərinə daha geniş dəstək göstərməsi də mühüm əhəmiyyət daşıyır. Xüsusilə qardaş türk dövlətlərinin bu istiqamətdə potensialından səmərəli istifadə olunması məqsədəuyğundur. Belə dəstək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq prosesinin sürətlənməsinə, regionda sülhün və dayanıqlı inkişafın möhkəmlənməsinə töhfə verə bilər.
Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən layihələr yalnız yaşayış məntəqələrinin bərpasına deyil, həm də iqtisadi potensialın formalaşdırılmasına xidmət edir. Əkin sahələrinin istifadəyə verilməsi, sənaye müəssisələrinin yaradılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması bu ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək. Beləliklə, Böyük Qayıdış insanların doğma torpaqlarına qayıtması ilə yanaşı, onların iqtisadi fəaliyyətə qoşulması və regionun inkişafında iştirak etməsi deməkdir.
Böyük Qayıdış milli əhəmiyyət daşıyan genişmiqyaslı proqramdır. Bu proses məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını təmin etməklə yanaşı, milli birliyin möhkəmlənməsinə, ölkənin ərazi bütövlüyünün real həyatda təsdiqinə və tarixi ənənələrin yaşadılmasına xidmət edir. Buna görə də Böyük Qayıdışı yalnız məskunlaşma prosesi kimi deyil, həm də milli inkişaf və ideoloji konsepsiya kimi qiymətləndirmək lazımdır.
Eyni zamanda, ölkəmizin əldə etdiyi nailiyyətlər fonunda milli həmrəyliyin qorunması, dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi və azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.