"Əslində, “44” filmi bir qədər gec ərsəyə gəlsə də, şükürlər olsun ki, belə bir ekran əsəri yaradıldı. Hesab edirəm ki, bu film olduqca əhəmiyyətlidir. Xüsusilə gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsi, Vətən müharibəsinin tarixi həqiqətlərinin qorunması və xalqımızın qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması baxımından bu cür filmlərin rolu əvəzsizdir".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib:
"“44” filmi Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi əzmkarlığı, fədakarlığı və iradəni bir kursantın gözü ilə canlandırır. Bu, qəhrəmanlıq və məhəbbət dramıdır. Xüsusi təyinatlıların timsalında bütöv bir xalqın mübarizə əzmi, Vətən sevgisi və qələbə iradəsi təcəssüm olunur. Filmin ərsəyə gəlməsi Azərbaycan kinosu adına təqdirəlayiq hadisədir.
Bununla belə, düşünürəm ki, Vətən müharibəsi kimi böyük tarixi hadisəni yalnız bir filmə sığdırmaq mümkün deyil. Bu müharibənin qəhrəmanlığı, ağrıları, fədakarlıqları və tarixi əhəmiyyəti daha geniş şəkildə ekranlaşdırılmalıdır. Təklif edərdim ki, gələcəkdə “Şuşa azad edildi”, “Antiterror” və “27 sentyabr” kimi adlar altında yeni filmlər çəkilsin. Bunlar mənim şəxsi təkliflərimdir və məqsədim tariximizin müxtəlif mərhələlərinin kino vasitəsilə yaşadılmasına töhfə verməkdir.
Eyni zamanda, qardaş Türkiyədə olduğu kimi, hərbi-vətənpərvərlik mövzusunda keyfiyyətli serialların çəkilməsi də məqsədəuyğun olardı. Çünki serial formatı hadisələri daha geniş təqdim etməyə, qəhrəmanların həyatını, döyüşlərin gedişini və müharibənin cəmiyyətə təsirini daha əhatəli şəkildə göstərməyə imkan verir. Bu cür ekran əsərləri xüsusilə gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynaya bilər.
Təəssüflə qeyd etməliyəm ki, son illərdə Azərbaycan kino sənayesində arzuladığımız səviyyədə ciddi və davamlı inkişaf müşahidə olunmur. Halbuki ölkəmizin zəngin tarixi, qəhrəmanlıq ənənələri və peşəkar aktyor potensialı keyfiyyətli filmlərin yaradılması üçün ciddi imkanlar yaradır. Bununla belə, yüksək səviyyəli kino istehsalı üçün istedadlı aktyorlarla yanaşı, müasir texniki baza, peşəkar yaradıcı heyət, güclü ssenarilər və yetərli maliyyə vəsaiti də vacibdir.
Hesab edirəm ki, “44” kimi filmlərin beynəlxalq səviyyədə tanıdılmasından əvvəl onların bədii və texniki keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Güclü ssenari, peşəkar rejissura, keyfiyyətli çəkiliş və beynəlxalq auditoriyanın marağını cəlb edə biləcək təqdimat bu istiqamətdə əsas amillərdəndir.
“44” filminin beynəlxalq arenada tanıdılması üçün onun nüfuzlu beynəlxalq kino festivallarında iştirakı təmin edilməli, xarici media və kino mütəxəssislərinin diqqətini cəlb edəcək təqdimatlar hazırlanmalıdır. Filmin ingilis, ərəb, rus, alman və fransız dillərinə peşəkar tərcümə və subtitrlərlə uyğunlaşdırılması da mühüm addım olardı. Bununla yanaşı, filmin beynəlxalq yayım platformalarına çıxarılması və xarici ölkələrdə xüsusi nümayişlərinin təşkili onun daha geniş auditoriyaya çatmasına kömək edə bilər.
Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan kinosunda ciddi irəliləyişlər olacaq, Vətən müharibəsinin qəhrəmanlığını və tarixi həqiqətlərini əks etdirən daha çox ekran əsəri yaradılacaq. Çünki bu filmlər yalnız bugünkü tamaşaçılar üçün deyil, gələcək nəsillər üçün də mühüm tarixi və mənəvi mirasdır. Biz tariximizi yalnız kitablarda deyil, yüksək səviyyəli kino əsərlərində də yaşatmalı və dünyaya çatdırmalıyıq".