"Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə təhsil sistemi də dünyəvilik prinsipləri əsasında fəaliyyət göstərir. Bu baxımdan, təhsil müəssisələrinin əsas vəzifəsi təhsil verməkdir. Təhsil prosesi Konstitusiyanın və müvafiq qanunvericiliyin tələblərinə uyğun təşkil olunmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
.jpg)
O bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar təhsilalanların və təhsilverənlərin geyim forması ilə bağlı müəyyən standartların tətbiqini nəzərdə tutur. Müəllimlər üçün müvafiq geyim tələbləri müəyyənləşdirilir, şagirdlər üçün isə vahid məktəbli geyim forması tətbiq olunur. Qərarın əsas məqsədi ümumi təhsil müəssisələrində nizam-intizamı qorumaq, etik davranış qaydalarını möhkəmləndirmək və sosial bərabərliyi təmin etməkdir:
"Sosial bərabərlik məsələsi burada xüsusi əhəmiyyət daşıyır. Təsəvvür edək ki, bir şagird maddi imkanlarına görə məktəbə daha dəbdəbəli geyimdə gəlir, digər şagirdin isə belə imkanı yoxdur. Bu fərq şagirdlər arasında sosial ayrı-seçkilik hissinin yaranmasına səbəb ola bilər. Vahid məktəbli geyimi isə belə fərqlərin təhsil mühitində ön plana çıxmasının qarşısını almağa kömək edir. Bir sıra ölkələrdə də məktəbli geyimi bu məqsədlə tətbiq olunur. Buna görə də hesab edirəm ki, müəyyən edilmiş vahid geyim qaydalarına bütün şagirdlər riayət etməlidirlər.
Digər məsələ isə Azərbaycanın dini dəyərlərə münasibəti ilə bağlıdır. Ölkəmizdə əhalinin böyük əksəriyyəti müsəlmandır və İslam dininə hörmət cəmiyyətimizdə mühüm yer tutur. Ramazan ayı və digər dini mərasimlər sərbəst şəkildə qeyd olunur, insanlar məscidlərdə ibadətlərini həyata keçirirlər. Məscidlərin tikintisinə və bərpasına da dövlət tərəfindən diqqət göstərilir.
İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdam məscidinin bərpası, Şuşadakı məscidlərin yenidən qurulması və təmir edilməsi dövlətin dini-mədəni irsə göstərdiyi diqqətin nümunələridir. Ağdam məscidinin bərpadan sonra açılışında Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə iştirak etməsi də bu diqqətin göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
Bununla belə, Azərbaycanda müxtəlif dini inanclara mənsub vətəndaşlar yaşayır və dövlət bütün vətəndaşlara bərabər yanaşmalıdır. Əgər təhsil müəssisələrində vahid geyim qaydaları müəyyən edilirsə, bu qaydalar dini mənsubiyyətindən asılı olmayaraq hamıya şamil olunmalıdır. Bir dini qrup üçün ayrıca istisna tətbiq edilməsi digər dini qrupların da fərqli tələblərlə çıxış etməsinə səbəb ola bilər. Bu isə vahid qaydaların tətbiqini çətinləşdirər.
Ona görə də düşünürəm ki, məsələni dini qarşıdurma müstəvisinə keçirmək düzgün deyil. Burada əsas məqsəd təhsil mühitində vahid qaydaların və nizam-intizamın təmin olunmasıdır. Azərbaycan dünyəvi dövlət olaraq təhsil sisteminin fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməlidir.
Hesab edirəm ki, dövlət tərəfindən qəbul edilən qərarlara hörmətlə yanaşmaq və onların tətbiqini fərqli istiqamətlərə yönəltməmək vacibdir. Əsas məsələ müəyyən edilmiş qaydaların bütün vətəndaşlara bərabər və ardıcıl şəkildə tətbiq olunmasıdır".