"Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu üzv kimi iştirakı ölkəmizin artan nüfuzundan xəbər verdiyi qədər, həm də mühüm siyasi və strateji əhəmiyyətə malikdir. Azərbaycanın iştirakını sadəcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə çərçivələndirmək düzgün olmazdı. Azərbaycan artıq regional, beynəlxalq gündəliklərin formalaşmasında yaxından iştirak edir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, bu isə, heç şübhəsiz ki, həm Azərbaycanın, həm də Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemindəki mövqeyini möhkəmləndirir. Mərkəzi Asiya regionu geosiyasi və iqtisadi baxımdan genişlənir. Onun genişlənmə coğrafiyası artıq Cənubi Qafqaza qədər gəlib çatır. Bu gün yeni imkan və fürsətlər yaranır. Yaranan fürsətlər fonunda Orta Dəhlizdən yaşıl enerjiyə qədər geniş əməkdaşlıq perspektivləri təqdim olunur. Keçən il Azərbaycanın region dövlətləri ilə ticarət dövriyyəsinin 50 faiz artması göstərir ki, burada dövlətlərlə yanaşı, təsərrüfat subyektlərinin və biznes nümayəndələrinin də əməkdaşlığı genişlənir. Bu isə kifayət qədər ciddi rəqəm və nəticə deməkdir. Qarşılıqlı ticarətin, investisiyaların və birgə istehsalın genişlənməsi iqtisadi əlaqələrlə yanaşı, siyasi və cəmiyyətlərarası münasibətlərdə də yeni mərhələnin başlanğıcı deməkdir. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq, şübhəsiz ki, mübadilənin və qarşılıqlı əlaqələrin yüksəlməsi deməkdir:
"Azərbaycan Mərkəzi Asiya üçün mühüm perspektivlər təqdim edir. Ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında mühüm qovşaq rolunda çıxış edir. Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yaradılan birgə investisiya fondları münasibətlərin daha da dərinləşdirilməsi deməkdir. Çünki bu, böyük kapitalın birgə layihələrə yatırılması deməkdir və belə əməkdaşlıq dünya bazarlarına çıxmaq üçün geniş imkanlar yaradır.
Şübhəsiz ki, söhbət sadəcə ticarət və iqtisadi əməkdaşlıqdan getmir. Məlumat mübadiləsinin genişlənməsi və rəqəmsal iqtisadiyyat sferasında yeni imkanların yaranması Azərbaycanın və Mərkəzi Asiyanın dünya standartları ilə ayaqlaşması, hətta təşəbbüskar qismində çıxış etməsi deməkdir.
Söhbət sadəcə iqtisadiyyatın hər hansı bir qolu üzrə birtərəfli və məhdud əməkdaşlıqdan getmir. Burada sənaye, kənd təsərrüfatı və yaşıl enerji sahələrində də birgə istehsal layihələrinin həyata keçirilməsindən söhbət gedir. Yüksək texnologiyalar və qeyri-neft sektoru da buraya daxildir.
Bu gün dövlətlərin qarşısında prioritet kimi müəyyənləşən bir məsələ var. İqtisadi əməkdaşlıq təhlükəsizlik sferası ilə paralel addımlamalıdır. Yəni təhlükəsizliyin təmin edilməsi, məlumat mübadiləsi və data mərkəzlərinin aktiv fəaliyyət göstərməsi sadəcə iqtisadi təhlükəsizliyin təmin edilməsi demək deyil. Burada söhbət sərhədlər boyunca təhlükəsizliyin təmin edilməsindən getdiyi qədər, Xəzər dənizi üzrə təhlükəsizlikdən də gedir.
Bu baxımdan İran Prezidenti Pezeşkianla keçirilən görüş də son dərəcə önəmlidir. Bir fakta da diqqət yetirsək ki, İran Müstəqil Dövlətlər Birliyinin üzvü olmasa da, bu formatda görüşdə iştirak edib, məsələnin əhəmiyyəti daha aydın görünür. Rusiyadan da açıqlama gəldi ki, Pezeşkian, Putin və Əliyevin görüşü əvvəlcədən proqramlaşdırılmayıb, prosesin gedişində keçirilməsi zəruri olan bir görüş olub.
Deməli, bir tərəfdən Rusiya İranın beynəlxalq əməkdaşlıqdan təcrid olunmadığını göstərirsə, İran da bu nümayişdə maraqlıdırsa, digər tərəfdən regionun üç dövlətinin rəhbərinin bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edir. Bu isə ondan xəbər verir ki, Azərbaycan artıq bölgənin dominant aktorudur, Azərbaycanın fikri nəzərə alınmadan mühüm məsələlər həllini tapa bilmir. Bu istiqamətdə region dövlətlərindən müştərək addımlar atmaq, ziddiyyət təşkil edən məqamlardan uzaq olmaqla yanaşı, həmin ziddiyyətləri həll etmək üçün təşəbbüs və əzm nümayiş etdirmək tələb olunur.
Regional məsələlərə paralel olaraq Mərkəzi Asiya-Avropa xətti, Azərbaycanın qovşaq olması, enerji və rəqəmsal bağlantılar, məlumat mübadiləsi və mövcud durumda Pezeşkian-Əliyev görüşü son dərəcə mühüm əhəmiyyət kəsb edir".