"İşğaldan azad olunmuş ərazilərdə vergi və gömrük güzəştləri investisiya imkanlarını artırır" - İQTİSADÇI

13 Oktyabr 2026 13:09 (UTC+04:00)

"Vergi və gömrük güzəştləri ümumilikdə biznesə başlamağın ilkin xərclərini, investisiya risklərinin azaldılmasını və investisiya etməyin cəlbediciliyinin artırılmasını təmin edən amillər olduğuna görə xüsusilə bu məqsədlər üçün tətbiq olunur". Bu sözləri SİA-ya İqtisadçı alim, Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da Qarabağın, işğal altında olan torpaqların azad edilməsindən sonra bu məsələ prioritet olaraq gündəmə gəlib və əslində, hazırda ciddi vergi və gömrük güzəştləri tətbiq olunur:

"Belə ki, 2023-cü il yanvarın 1-dən etibarən 10 illik müddətə bu ərazilərdə mənfəət vergisi, gəlir vergisi, əmlak və torpaq vergisi, sadələşdirilmiş vergi tamamilə ləğv edilib. Hətta digər dəstək mexanizmləri də mövcuddur. Məsələn, muzdlu işçisi olmayan fiziki şəxslərin sosial sığorta haqlarının 100 faizi dövlət tərəfindən subsidiyalaşdırılır.

Eyni zamanda, burada artıq sənaye parkları qurulur. Sənaye parklarında idxal ƏDV-sinin geri qaytarılması, eləcə də bir sıra texnoloji vasitələrin idxalı zamanı gömrük güzəştlərinin tətbiqi və digər dəstək tədbirləri mövcuddur.

Ona görə də bu məsələdə əsas məqsəd sahibkarlığın inkişafını dəstəkləməkdir. Təbii ki, bunun müəyyən istisnaları var. Məsələn, yükdaşımalar, maliyyə sektoru və bir sıra digər podratçı şirkətlərin gördüyü işlərlə bağlı müəyyən istisnalar nəzərdə tutulub. Bu da nəzərə alınıb ki, güzəştlərin daha çox rezidentlərə yönəldilməsi daha effektiv nəticə verə bilər.

Hətta bir sıra güzəştlər də var ki, məsələn, turizm sahəsində ödənilən ƏDV-nin bir qisminin, 30 faizə qədərinin, birbaşa istehlakçılara, yəni vətəndaşlara geri qaytarılması yolu ilə həmin sektorun dəstəklənməsi kimi tətbiqlər də mövcuddur.

İşğaldan azad olunmuş torpaqlarda istəyirik ki, rezidentlərimizin yerləşməsi genişlənsin və orada çoxlu insan yaşasın. Təbii ki, burada dövlətin dəstək və investisiya təşviqi mexanizmləri nə qədər çox olarsa, bu, bir o qədər yaxşı hal olacaq.

Lakin hazırda mövcud güzəştlərlə yanaşı, ərazinin minalardan təmizlənməsi prosesi də davam edir. Bu proses sahibkarların cəlb olunması və investisiya yatırılması üçün müəyyən əngəl yaradır. Ümid edirik ki, bu proses güclənəcək və investisiyalar üçün maneələr aradan qalxacaq.

Eyni zamanda, infrastruktur quruculuğu davam edir. İnfrastruktur hələ tam şəkildə formalaşmadığına və bunun müəyyən zaman alacağına görə, bu amil investorları müəyyən qədər çəkindirir.

Bununla yanaşı, regionda hələ ixtisaslı kadr potensialı tam formalaşmadığına görə, bu da iş adamlarının həmin ərazilərə cəlb olunmasını müəyyən qədər ləngidir".