“Azərbaycan-Qırğız İnkişaf Fondunun kapitalı 200 milyon dollara çatdırılır” - Zaur Şükürov

13 Oktyabr 2026 12:33 (UTC+04:00)

Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov bugünkü plenar iclasda çıxışı zamanı deyib.

Deputat bildirib ki, Fondun nizamnamə kapitalının artırılmasını nəzərdə tutan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

Onun sözlərinə görə, iki maddədən ibarət olan sənəd Fondun nizamnamə kapitalının artırılmasını nəzərdə tutur. 2022-ci ildə yaradılan və mənzil-qərargahı Bişkek şəhərində yerləşən Fondun ilkin kapitalı 25 milyon ABŞ dolları təşkil edib. 2024-cü il aprelin 24-də imzalanmış əlavə sazişlə bu məbləğ 100 milyon dollara çatdırılıb. Yeni dəyişikliklə isə nizamnamə kapitalının 200 milyon dollar olması təklif edilir.

Zaur Şükürov qeyd edib ki, Fondun nizamnamə kapitalının dörd il ərzində səkkiz dəfə artırılması Azərbaycan və Qırğızıstanın ticarət-iqtisadi əlaqələrin davamlı inkişafında, eləcə də birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu göstərir.

Deputat xatırladıb ki, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında sazişin 10-cu maddəsində də iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan-Qırğız İnkişaf Fondunun potensialının artırılması üçün səylərin göstərilməsi nəzərdə tutulur.

O vurğulayıb ki, müttəfiqlik münasibətlərinin inkişafı və Fondun maliyyə imkanlarının genişləndirilməsi qarşılıqlı maraq doğuran prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni imkanlar yaradacaq. Bu isə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.