“Azərbaycan-Qırğızıstan sazişi Orta Dəhliz üzrə daşımaların artmasına töhfə verəcək” - Zaur Şükürov

13 Oktyabr 2026 12:30 (UTC+04:00)

Azərbaycan ilə Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələrinin inkişaf etdirilməsi və tranzit daşımalarının asanlaşdırılması məqsədilə yeni saziş imzalanıb. Sənəd iki qardaş dövlət arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edir.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov bugünkü plenar iclasda çıxışı zamanı deyib.

Deputat bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

Onun sözlərinə görə, preambula və 24 maddədən ibarət olan saziş tərəflər arasında sərnişin və yük daşımalarının tənzimlənməsini, beynəlxalq avtomobil əlaqələrinin inkişafını və tranzit daşımaları üzrə şərtlərin sadələşdirilməsini nəzərdə tutur. Sənəd hər iki ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələri ilə beynəlxalq daşımaların həyata keçirilməsi qaydalarını müəyyən edir.

Zaur Şükürov qeyd edib ki, sazişdə müntəzəm və qeyri-müntəzəm sərnişin daşımaları, yük daşımaları, icazə tələb olunmayan daşımalar, təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması, tələb olunan sənədlər, ödənişlər, sığorta və gömrük məsələləri əksini tapıb. Sənəddə, həmçinin tərəflərin milli qanunvericiliyinin tətbiqi, pozuntulara görə görüləcək tədbirlər, birgə komissiyaların yaradılması və fikir ayrılıqlarının həlli mexanizmləri müəyyənləşdirilib.

Deputatın sözlərinə görə, sazişdə ağır xəstələrin daşınması, avtobuslarla müntəzəm sərnişin daşımaları, eləcə də heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarətinin prioritet qaydada həyata keçirilməsi nəzərdə tutulur.

O əlavə edib ki, sənəd tərəflərdən birinin milli təhlükəsizliyinə zərər vura biləcək tranzit daşımalarına məhdudiyyətlərin tətbiq edilməsini də istisna etmir.

Zaur Şükürov vurğulayıb ki, sazişin qüvvəyə minməsi Azərbaycan ilə Qırğızıstan arasında avtomobil daşımaları sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda, Orta Dəhlizin regional və qlobal əhəmiyyətinin artdığı bir dövrdə bu sənəd dəhliz üzrə daşımaların həcminin yüksəlməsinə müsbət təsir göstərə bilər.