İstehlak bazarında texniki tənzimləmələrin gücləndirilməsi və insanların həyat və sağlamlığı üçün təhlükəli malların dövriyyədən çıxarılması məqsədilə qanunvericiliyə dəyişikliklər təklif olunur.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bugünkü plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, rəsmi statistikaya əsasən, 2025-ci il ərzində təmin edilmiş 2 588 istehlakçı müraciəti nəticəsində qüsurlu və yararsız mallar, eləcə də xidmətlər üzrə ümumilikdə 382 min 915 manat vəsait sahibkarlar tərəfindən istehlakçılara geri qaytarılıb.
Onun sözlərinə görə, mövcud qaydalara əsasən, istehlak bazarında aparılan monitorinqlər zamanı aşkarlanan yararsız və saxlama müddəti ötmüş mallar ümumi çəki, fiziki həcm və çeşid sayı göstəriciləri ilə qeydiyyata alınır, dövriyyədən çıxarılaraq məhv edilir. Bu sahədə hüquqi bazanın daha da gücləndirilməsi üçün qanunvericiliyə yeni dəyişikliklərin edilməsi zərurəti yaranıb.
Vüqar Bayramov qeyd edib ki, təqdim olunan layihə ilə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə yeni 15.5-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.
Deputatın sözlərinə görə, dəyişiklik insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən, texniki tənzimləmənin şamil olunduğu mallarla bağlı görüləcək tədbirlərin hüquqi əsasını müəyyənləşdirir. Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Bu tədbirlər səlahiyyətli qurumun müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.
O vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi təhlükəli malların istehlak bazarında qalmasının və insanların həyatına, sağlamlığına zərər vurmasının qarşısını almaqdır.
Vüqar Bayramov əlavə edib ki, qanun layihəsi təhlükəli mallara münasibətdə tətbiq ediləcək tədbirlərin dairəsini müəyyənləşdirir və onların icra qaydalarının səlahiyyətli qurum tərəfindən təsdiqlənməsini nəzərdə tutur. Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ətraflı müzakirə edilərək dəstəklənib və plenar iclasa tövsiyə olunub.