Təyyarə heyətinin iş və istirahət vaxtı qanunla tənzimlənəcək

13 Oktyabr 2026 12:23 (UTC+04:00)

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, dəyişikliklər kommersiya hava daşımalarını həyata keçirən təyyarələrin heyət üzvlərinin iş və istirahət vaxtının tənzimlənməsini nəzərdə tutur.

Layihəyə əsasən, Əmək Məcəlləsinə hava gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı yeni maddələr əlavə edilir. Bu müddəalar müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan tələblər nəzərə alınmaqla tətbiq olunacaq.

“Aviasiya haqqında” Qanuna isə uçuş iş vaxtının anlayışını müəyyən edən müddəa və hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi ilə bağlı yeni maddə əlavə edilir.

Layihədə hava gəmisi heyətinin iş vaxtının ardıcıl 7, 14 və 28 gün, eləcə də bir təqvim ili üzrə, uçuş vaxtının isə ardıcıl 28 gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə maksimum müddətlər əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, aviasiya sahəsində müvafiq qanun və normativ hüquqi aktlarla tənzimlənməyən məsələlərin Əmək Məcəlləsinin müvafiq normaları əsasında həll edilməsi təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.