"Xəzərə daxil olan suyun təxminən 80 faizi Volqa çayının payına düşür" - EKOLOQ

13 Oktyabr 2026 12:18 (UTC+04:00)

"Xəzər dənizinin səviyyəsi ilə bağlı narahatlıqlar xüsusilə 2007-ci ildən etibarən daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Səviyyənin aşağı düşməsi Xəzəryanı beş dövlətin hər birində ciddi narahatlıq doğurur. Bu prosesin əsas səbəblərindən biri kimi Xəzər dənizini su ilə təmin edən Volqa çayında su həcminin azalması göstərilir". Bu sözləri SİA-ya açıqlamasında “Environmental Protection First” QHT Koalisiyasının üzvü Amin Məmmədov söyləyib.

Onun sözlərinə görə, Xəzərə daxil olan suyun təxminən 80 faizi Volqa çayının payına düşür:

"Dəniz səviyyəsinin aşağı düşməsi ilk növbədə ekoloji baxımdan ciddi problemlər yaradır. Xüsusilə biomüxtəlifliyin qorunması, nərə balıqlarının populyasiyasının azalması və gələcəkdə onların nəsli kəsilmək təhlükəsinin artması narahatlıq doğurur. Məlum olduğu kimi, bu balıqların kürütökmə və çoxalma prosesində Volqa çayının deltası mühüm rol oynayır. Su səviyyəsinin aşağı düşməsi onların təbii yaşayış və çoxalma mühitinə mənfi təsir göstərir.

Bununla yanaşı, Xəzər dənizinin səviyyəsinin azalması iqtisadi itkilərə də səbəb olur. Xüsusilə dənizin dayazlaşması neft hasilatı prosesində çətinliklər yaradır, gəmiçiliyə və limanların fəaliyyətinə mənfi təsir göstərir. Bütün bunlar ekoloji risklərlə yanaşı, region ölkələri üçün iqtisadi riskləri də artırır.

Bu baxımdan, Xəzər dənizinin səviyyəsinin azalmasının nəticələrinin aradan qaldırılması və problemin təsirlərinin minimuma endirilməsi istiqamətində tədbirlərin görülməsi vacibdir. Artıq bu məsələ müxtəlif beynəlxalq və regional platformalarda, o cümlədən hökumətlər səviyyəsində müzakirə olunur. İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində də Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələr aparılır.

Problemin həlli üçün ilk növbədə Xəzəryanı dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və məlumat mübadiləsinin genişləndirilməsi vacibdir. Dənizin səviyyəsindəki dəyişikliklərin müntəzəm monitorinqi, elmi tədqiqatların aparılması və ortaq fəaliyyət planlarının hazırlanması bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, problemin uzunmüddətli həlli və onun nəticələrinin yumşaldılması əhəmiyyətli maliyyə vəsaiti tələb edir. Bu baxımdan, Xəzəryanı ölkələrin öz büdcələrindən müvafiq vəsait ayırması, eləcə də BMT-nin müxtəlif proqramları və beynəlxalq donor təşkilatlarının maliyyə dəstəyi ilə birgə layihələrin həyata keçirilməsi zəruridir. Yalnız koordinasiyalı fəaliyyət, elmi yanaşma və davamlı maliyyələşmə vasitəsilə Xəzər dənizinin dayazlaşmasının yaratdığı ekoloji və iqtisadi riskləri azaltmaq mümkün olacaq".