Balıqçılıq sahəsində yoxlamaların dayandırılması və ekoloji qiymətləndirmə qaydaları dəyişdirilir

13 Oktyabr 2026 12:18 (UTC+04:00)

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, layihəyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanuna balıqçılıq sahəsini əhatə edən müddəa əlavə olunur.

Dəyişikliklər “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin Siyahısı”na da aiddir. Yeni redaksiyaya əsasən, heyvandarlıq müəssisələrinin layihələndirilməsi zamanı heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunacaq.

Quşçuluq müəssisələri üçün bu hədd 40 min baş toyuq ekvivalenti, balıqçılıq və akvakultura təsərrüfatları üçün isə illik 500 ton balıq və digər su bioresurslarının ümumi çəkisi müəyyən edilir.

Bundan əlavə, aqroparklar üzrə də müvafiq fəaliyyət növləri üçün müəyyən edilmiş hədlər nəzərə alınacaq, siyahının 34-cü maddəsi isə ləğv ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.