Son dövrlərdə ölkəmizə ideoloji zəmində yönələn hibrid hücumlar milli ideologiya və ideoloji təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Azərbaycançılıq ideologiyasının mahiyyətinin dərindən öyrənilməsi, təbliği və inkişaf etdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili bugünkü plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu vurğulayıb. Dövlət başçısının fikrincə, internet, kiberhücumlar və süni intellektin geniş yayıldığı müasir dünyada ideoloji risklər sərhəd tanımır. Buna görə də Azərbaycanın ideoloji məkanı yad təsirlərdən qorunmalı, müasir ideoloji iş üsullarından istifadə edilməlidir.
Tahir Mirkişili qeyd edib ki, milli ideologiyanın əsas prinsipləri Ulu Öndər Heydər Əliyevin çıxışlarında da geniş şəkildə ifadə olunub. Heydər Əliyev 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının altıncı ildönümündə milli ideologiyanın əsasını dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlərin təşkil etdiyini bildirib.
Deputatın sözlərinə görə, dövlətçilik Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, müstəqilliyin möhkəmləndirilməsi, hər bir vətəndaşda Vətənə, xalqa və ana dilinə bağlılıq hissinin formalaşması deməkdir.
O vurğulayıb ki, milli-mənəvi dəyərlər xalqın adət-ənənələrini, Azərbaycan dilini, dini və tarixi-mədəni irsini əhatə edir. Bununla yanaşı, dindən şəxsi məqsədlər üçün istifadə edilməsinin qarşısı alınmalı, dini dəyərlərə münasibətdə məsuliyyətli yanaşma qorunmalıdır.
Tahir Mirkişili əlavə edib ki, milli ideologiyanın digər mühüm istiqaməti ümumbəşəri dəyərlərdir. Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu bu dəyərlərin əsas ifadələrindəndir. Dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər isə Azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissələridir.
Deputat hesab edir ki, Azərbaycançılıq ideologiyasının məzmununun zənginləşdirilməsi, elmi əsaslarla araşdırılması və cəmiyyətə daha dolğun şəkildə çatdırılması üçün alimlərin və tədqiqatçıların fəaliyyəti genişləndirilməlidir. Bu məqsədlə Azərbaycanda Azərbaycançılıq İnstitutunun yaradılmasına böyük ehtiyac var. Belə bir institutun milli ideologiyanın inkişafına və onun əsas prinsiplərinin daha dərindən öyrənilməsinə mühüm töhfə verə biləcəyini bildirib.