Son beş ildə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 8,5 dəfə artaraq 77,2 milyon dollara çatıb. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, beynəlxalq yükdaşımalar sahəsində də əməkdaşlığı gücləndirir.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bugünkü plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, 2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 1 milyard 765 milyon dolları ötüb. Bu, 2024-cü ilin 1 milyard 152 milyon dollarlıq göstəricisi ilə müqayisədə 50 faizdən çox artım deməkdir.
O qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişləndiyi istiqamətlərdən biri də beynəlxalq yükdaşımalar sahəsidir. Bu ilin ilk səkkiz ayında Orta Dəhliz vasitəsilə region üzərindən daşınan yüklərin həcmi 20 faiz artıb. Bu artım qardaş türk dövlətlərinin valyuta gəlirlərinin yüksəlməsinə də imkan yaradır.
Vüqar Bayramov diqqətə çatdırıb ki, oktyabrın 15-də Bakıda Qırğızıstanın da üzv olduğu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı keçiriləcək. Azərbaycanın 2024-cü ildən bu platformaya sədrlik etdiyini xatırladan deputat bildirib ki, AQEM 28 üzv dövləti birləşdirir, daha 10 ölkə isə müşahidəçi statusunda təmsil olunur.
Onun sözlərinə görə, platformaya üzv dövlətlərin payına qlobal ümumi daxili məhsulun təxminən 40 faizi düşür. Bu isə 47 trilyon dollardan artıq iqtisadi potensiala malik ölkələrin təmsil olunduğu əməkdaşlıq platformasının Zirvə toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini artırır. ABŞ və Yaponiya kimi qlobal güclərin də AQEM-də müşahidəçi statusunda iştirakı platformanın əhatə dairəsini daha da genişləndirir.
Deputat vurğulayıb ki, AQEM-ə üzv dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün prioritet istiqamətlərdən birinə çevrilir. Prezident İlham Əliyevin və Kambocanın Baş nazirinin mətbuata bəyanatlarında da iqtisadi və investisiya imkanlarının tanıdılması, eləcə də sıx iqtisadi əməkdaşlığın qurulması məsələləri diqqət mərkəzində olub.
Vüqar Bayramovun fikrincə, yeni dünya düzəninin formalaşdığı və regionda siyasi proseslərin intensivləşdiyi bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir. Çoxvektorlu xarici siyasət ölkənin həm Qərb, həm də Şərq dövlətləri ilə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin təmin olunmasında rolunu artırır.
Deputat əlavə edib ki, Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi fonunda ABŞ da daxil olmaqla Qərb ölkələri ilə tərəfdaşlığın inkişafı Azərbaycan üçün prioritet olaraq qalır. Onun sözlərinə görə, bu siyasət ölkənin geosiyasi mövqeyini gücləndirməklə yanaşı, regionda yeni münasibətlər sisteminin formalaşmasına da təsir göstərir.