İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin iclası ilə bağlı memorandum təsdiqlənib

13 Oktyabr 2026 11:18 (UTC+04:00)

“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisdə qəbul edilib.

SİA xəbər verir ki, qanun layihəsini parlamentin bugünkü iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib.

Layihəyə əsasən, 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və sentyabrın 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilir.

Sənəd İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasının keçirilməsi ilə bağlı Azərbaycan hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında əldə olunmuş razılaşmaları əhatə edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.