"Kamboca ilə iqtisadi əlaqələrin inkişafı Azərbaycanın ixrac imkanlarını genişləndirə bilər" - ŞƏRH

13 Oktyabr 2026 10:56 (UTC+04:00)

"Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

Onun sözlərinə görə, bununla belə, əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər kifayət qədər genişdir: "Kambocanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində biznes dairələrinin nümayəndələri ilə keçiriləcək görüşlər və Azərbaycanın iqtisadi imkanlarının təqdim olunması gələcək əməkdaşlığın inkişafına yeni təkan verə bilər.

Bu baxımdan, Azərbaycanın sənaye parklarında birgə istehsal və emal müəssisələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Texnologiyaların cəlb edilməsi, istehsal sahələrinin genişləndirilməsi və yeni məhsulların istehsalı istiqamətində birgə müəssisələrin qurulması üçün imkanlar mövcuddur.

Kambocanın tekstil və geyim sənayesi, ayaqqabı istehsalı, eləcə də istehlak mallarının istehsalı sahələrində təcrübəsi Azərbaycanla əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu istiqamətlərdə birgə müəssisələrin yaradılması yerli istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına, ixrac imkanlarının artırılmasına və müasir texnologiyaların tətbiqinə töhfə verə bilər.

Eyni zamanda, Azərbaycanın sənaye parklarında investorlara təqdim olunan güzəştlər və digər dəstək mexanizmləri Kamboca iş adamlarının ölkəmizə investisiya yatırmaq marağını artıra bilər. Belə müəssisələr Azərbaycan bazarı ilə yanaşı, digər regional bazarlara çıxış baxımından da perspektivlər yarada bilər.

Müasir dövrdə coğrafi məsafələr iqtisadi əməkdaşlığın inkişafı üçün ciddi maneə hesab olunmur. Əsas məsələ qarşılıqlı maraqların müəyyənləşdirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və konkret investisiya layihələrinin həyata keçirilməsidir.

Hesab edirəm ki, Azərbaycanla Kamboca arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması hər iki ölkə üçün yeni iqtisadi imkanlar aça bilər. Bu əməkdaşlıq investisiyaların artmasına, istehsal potensialının güclənməsinə və ixracın genişlənməsinə şərait yaratmaqla yanaşı, xalqlarımızın rifahına da töhfə verə bilər".