"Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarları mütərəqqi qərarlardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir”.
Bunu SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Nazirlər Kabinetinin məlum qərarları tədris mühitini yaxşılaşdırmaq, nizam-intizamı gücləndirmək, şagirdlərin məsuliyyət hissini artırmaq məqsədi daşıyır:
“Şübhəsiz ki, Nazirlər Kabineti tərəfindən vahid geyim forması ilə bağlı qəbul edilən qərarlar təhsil müəssisələrində tədirisin keyfiyyətini yaxşılaşdırmaq məqsədinə xidmət edir.
Vahid geyim forması tədris mühitinə öz müsbət təsirini göstərməklə yanaşı, məktəbərdə nizam-intizamın möhkəmlənməsinə, şagirdlərin məsuliyyət hissinin artırılmasına kömək edəcək. Bu baxımdan, təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarı dini etiqad azadlığının, yaxud hansısa konstitusyon hüququn məhdudlaşdırılması kimi şərh etmək yanlışdır.
Azərbaycan xalqı özünün bütün milli-mənəvi dəyərləri kimi dini dəyərlərinə də sahib çıxır və bu dəyərləri qoruyur. Azərbaycan dövləti xalqın bu dəyərlərinin ən ali təminatçısı qismində çıxış edir. Bunu dövlətimiz təərfindən qəbul edilən qanunlar, ölkəmizdə həyata keçiriən dini maarifləndirmənin miqyası, habelə, bütün təhsil müəssisələri kimi dini təhsil ocaqlarına göstərilən diqqət və qayğı da sübut edir. Ölkəmizdə həm kollec, həm də universitet səviyyəsində dini biliklər tədris edən müəssisələr, çoxsaylı dini ibadət yerləri var ki, bütün bunlar dövlətimizin dinimizə olan qayğı və ehtiramının göstəricisidir. Odur ki, vətəndaşlarımız dövlətimizin qəbul etdiyi qərarlara hörmət etməli, onun icrasına həssaslıqla yanaşmalıdır”.
Polkovnik bəzi qüvvələrin baş verənlərdən bədxah məqsədlərlə istifadəyə can atdığını da vurğulayb, xalqı milli birlik və həmrəyliyə sadiq qalmağa səsləyib:
“Təəssüf hissi ilə qeyd edək ki, mövcud situasiydan istifadə edən bəzi qüvvələr vətəndaşları dövlətlə üz-üzə qoymağa cəhd edir, bununla da milli birliyimizi zəiflətməyə, ölkə daxilində sabitliyi pozmağa çalışırlar. Vətəndaşlarımız bu cür hallara qarşı son dərəcə diqqətli olmalı, hər hansı qanunazidd əmələ yol verməməlidir. Unutmaq olmaz ki, bu gün bir çox qüvvələr Azərbaycanın inkişafını əngəlləməkdə, ölkəmizdəki əmin-amanlığa son qoymaqda maraqlıdır. Ona görə də biz indiki həssas məqamda milli həmrəyliyi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməli, bütün anti-milli qüvvələrə qətiyyətli cavab verməliyik. Biz öz nümunəvi vətəndaş davranışımızla bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və onun qəbul etdiyi bütün qərarları alqışlayır, bu qərarların onun mənafeyinə, inkişaf və tərəqqisinə xidmət etdiyini dərk edir”.