"Azərbaycanın mənzil bazarında qiymətlərin yüksək olması və kirayə qiymətlərində son dövrlərdə müşahidə edilən artımlar, əlbəttə ki, gənclərin ailə qurmasına birbaşa təsir edir. Çünki gənc əhalinin, gənclərin mənzil ehtiyacının olması təbii haldır". Bu fikirləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.
Onun sözlərinə görə, onlar karyeralarının ilkin mərhələlərində, təbii ki, mənzil əldə etmək imkanlarına əsasən malik olmurlar. Ailə qurarkən də gənc ailənin ilk düşündüyü məsələ məhz yaşayış üçün mənzillə təmin olunmaqdır:
"Bu imkanlar yetərsiz olduqda mənzil əldə etmək çətinləşir və qiymətlər kifayət qədər yüksək olduğundan mənzil gənclər üçün əlçatan olmur. Xüsusilə də Bakı və digər böyük şəhərlərimizdə kirayə qiymətləri o qədər də münasib deyil. Bu səbəbdən ailə qurmağa meylin azalmasına təsir edən amillər sırasında, əlbəttə ki, mənzil təminatının olmaması, mənzil almaq istəyən gənclər üçün qiymətlərin yüksək olması və ya kirayə qiymətlərinin baha olması birbaşa təsir göstərir. Bu vəziyyət gənclərin ailə qurmaq istəyinə mənfi təsir edə bilər.
Çıxış yollarına gəldikdə, hazırda sosial layihələr, eləcə də mövcud kirayə mənzil mexanizmi var. Amma faktiki olaraq, orada ilkin şərtlər yumşaq olsa da, nəticədə, məsələn, Bakı şəhərində birotaqlı mənzilin əldə edilməsi kifayət qədər böyük məbləğdə vəsait tələb edir. Müddət 10 il olsa belə, gənclər bu məbləği ödəmək məcburiyyətində qalırlar. Ona görə də dövlət tərəfindən həyata keçirilən kirayə mənzil mexanizmi də bugünkü gündə gənclər üçün o qədər əlçatan və uyğun variant deyil.
Əslində, mənzil təminatı ilə bağlı güzəştli variantların, gəncləri ailə qurmağa təşviq edən və həvəsləndirən layihələrin həyata keçirilməsi zəruridir. Çünki gənclər arasında ailə qurmağa həvəsləndirən, motivasiya edən dövlət səviyyəli tədbirlərin həyata keçirilməsi vacibdir, zəruridir. Biz demirik ki, bundan əvvəl belə tədbirlər olmayıb, amma daha humanist, daha əlçatan və daha optimal variantlar üzərində düşünmək lazımdır.
Çünki Azərbaycanın demoqrafik inkişafında müəyyən ləngimələr müşahidə olunur. Bu da ailə institutunun zəifləməsi, ailə qurmağa meylin azalması, boşanmaların artması və digər amillərlə bağlıdır".