“Vahid məktəbli forması bərabərliyi və şagirdin məktəbli kimliyini nümayiş etdirir” - NAİLƏ VƏLİXANLI

12 Oktyabr 2026 15:12 (UTC+04:00)

“Mən, sözsüz ki, vahid məktəbli formasının tərəfdarıyam. Çünki vahid məktəbli forması yalnız şagirdlər arasında bərabərliyi nümayiş etdirmir, eyni zamanda onların məktəbli kimliyini təsdiqləyən mühüm amillərdən biri kimi çıxış edir. Məktəbli forması şagirdin psixoloji cəhətdən məktəb mühitinə uyğunlaşmasına, dərs prosesinə köklənməsinə, bilik əldə etməyə və nizam-intizama hazırlaşmasına müəyyən təsir göstərir. Bu forma uşaqlara məktəbin özünəməxsus qaydaları, davranış normaları və məsuliyyətləri olan bir təhsil mühiti olduğunu xatırladır”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı deyib.

Onun sözlərinə görə, məktəbli olmaq yalnız vahid forma geyinməklə məhdudlaşmır:

”Məktəbin əsas məqsədi şagirdə bilik verməklə yanaşı, onu şəxsiyyət kimi formalaşdırmaq, cəmiyyətə faydalı və məsuliyyətli fərd kimi yetişdirməkdir. Bu baxımdan, şagirdlərin zahiri görünüşü, davranış mədəniyyəti və məktəb mühitinə münasibəti də diqqətdən kənarda qalmamalıdır. Çünki təhsil prosesi yalnız dərsliklərdən əldə olunan biliklərlə deyil, eyni zamanda uşaqlara aşılanan mənəvi dəyərlər, davranış qaydaları və özünüifadə mədəniyyəti ilə də sıx bağlıdır”.

Nailə Vəlixanlı qeyd edib ki, bəzən dərsə gələn yeniyetmə qızların dırnaqlarının laklı, makiyajlı və yaşlarına, eləcə də məktəb mühitinə uyğun olmayan görünüşdə olması müəyyən suallar doğurur. Belə hallarda bu yanaşmanın nə dərəcədə doğru olduğu barədə düşünmək zərurəti yaranır.

Onun fikrincə, hər bir insanın özünə qulluq etmək və xarici görünüşünə diqqət yetirmək hüququ olsa da, yeniyetməlik dövründə uşaqların yaş xüsusiyyətləri, təhsil aldıqları mühitin tələbləri və məktəbin müəyyən etdiyi davranış normaları nəzərə alınmalıdır. Məktəb gündəlik həyatın digər məkanlarından fərqli olaraq, təlim-tərbiyə prosesinin həyata keçirildiyi, intizamın və qarşılıqlı hörmətin əsas prinsiplərdən olduğu bir mühitdir.

Muzey direktorunun sözlərinə görə, bəzi hallarda bu məsələlərə kifayət qədər əhəmiyyət verilmir. Halbuki məktəbdə xarici görünüş və davranış qaydaları ilə bağlı məsələlər yalnız qadağalar çərçivəsində qiymətləndirilməməlidir. Əsas məqsəd şagirdlərə müəyyən tələblərin səbəbini izah etmək, onlarda məsuliyyət hissini formalaşdırmaq və məktəb mühitinə uyğun davranış mədəniyyəti aşılamaq olmalıdır.

Nailə Vəlixanlı vurğulayıb ki, bu prosesdə valideynlərin, müəllimlərin və məktəb rəhbərliyinin üzərinə mühüm vəzifələr düşür. Ailə ilə məktəb arasında əməkdaşlıq gücləndirilməli, uşaqların tərbiyəsi və davranış normalarına münasibəti məsələsində vahid yanaşma formalaşdırılmalıdır.

O əlavə edib ki, təhsil sistemində indiyədək kifayət qədər diqqət yetirilməyən bu məsələ öz aktuallığını itirməyib və gündəmdən düşməməlidir. Vahid məktəbli forması ilə yanaşı, şagirdlərin məktəb mühitinə uyğun görünüşü, davranışı və nizam-intizamı məsələlərinə də kompleks şəkildə yanaşılmalıdır. Çünki məktəbin vəzifəsi yalnız savadlı şagird yetişdirmək deyil, həm də milli-mənəvi dəyərlərə hörmət edən, cəmiyyətin qaydalarını anlayan, məsuliyyətli və mədəni şəxsiyyət formalaşdırmaqdır.