"Azərbaycan-Türkmənistan münasibətlərinin dərin tarixi, mədəni, dini və siyasi bağları mövcuddur. Türkmənistan Türkmən Dövlətləri Təşkilatında deyil, Türk Dövlətləri Təşkilatında təmsil olunur və MDB də daxil olmaqla, bir sıra digər beynəlxalq platformalarda da iştirak edir. Həm çoxtərəfli əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli münasibətlər müstəvisində əlaqələrimizin inkişaf etdiyini görürük".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
_(1)_(1).jpg)
Turan Rzayev sözlərinə belə davam edib:
"Türkmənistan digər dövlətlərlə müqayisədə daha qapalı və ehtiyatlı xarici siyasət yürüdən ölkədir. Hətta türk dövlətləri ilə münasibətlərində də bu ehtiyatlı mövqeyini qoruyur. Bu yanaşma ölkənin siyasi sistemi və xarici siyasət prioritetləri ilə bağlıdır. Azərbaycan isə Türkmənistanın mövqeyini hər zaman nəzərə alıb. Ölkələr arasında mövcud olmuş bəzi problemlər də artıq illərdir ki, aradan qaldırılıb. Hətta Xəzər dənizində ortaq neft yataqları ilə bağlı məsələlər də əməkdaşlığımızın mühüm istiqamətlərindəndir.
Hazırda Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı bir neçə istiqamətdə diqqət çəkir. Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Türkmənistanın neft və qaz ehtiyatlarının ixracı, o cümlədən bu resursların Avropa bazarlarına çatdırılması imkanları regional enerji əməkdaşlığı baxımından önəmlidir. Eyni zamanda, Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika əlaqələrinin inkişafı üçün də geniş imkanlar mövcuddur.
Azərbaycan Prezidentinin MDB sammiti çərçivəsində Türkmənistana səfəri və orada keçirilən görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. Səfər zamanı dövlət başçılarının verdiyi mesajlar əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı mühüm məqamları ortaya qoydu. Türkmənistan Prezidentinin Azərbaycana, o cümlədən Qarabağa səfəri də qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi baxımından diqqətəlayiq hadisədir.
Son dövrlərdə dövlət başçıları arasında həyata keçirilən səfərlər və hədiyyə mübadiləsi də diplomatik münasibətlərdə rəmzi məna daşıyır. Azərbaycanın Türkmənistana Qarabağ atı, Türkmənistanın isə Azərbaycana türkmən atı hədiyyə etməsi xalqlarımızın milli-mədəni irsinə ehtiramın və qarşılıqlı hörmətin ifadəsidir. Bu cür jestlər siyasi münasibətlərin inkişafına da müsbət təsir göstərir.
Hesab edirəm ki, Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra da inkişaf edəcəyi gözləniləndir. Gələcəkdə enerji, nəqliyyat, logistika və digər sahələrdə yeni əməkdaşlıq imkanlarının müzakirə olunması, iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsi mümkündür.
Təbii ki, regionda müxtəlif geosiyasi maraqlar və kənar təsirlər mövcuddur. Bununla belə, qarşılıqlı hörmətə, konstruktiv dialoqa və praqmatik yanaşmaya əsaslanan siyasət Azərbaycan-Türkmənistan münasibətlərinin gələcək perspektivlərini gücləndirə bilər".