“Gənclərin işə qəbul zamanı təcrübə tələbi ilə üzləşməsi, ali təhsil müəssisələrini bitirdikdən sonra iş tapa bilməməsi və bölgələrdə məşğulluq imkanlarının məhdudluğu bu gün aktual problemlərdəndir. Universiteti yüksək nəticələrlə başa vuran gənclərin belə işə düzəlməkdə çətinlik çəkməsi, işəgötürənlərin isə əsasən təcrübəli kadr axtarması problemin həlli istiqamətində daha ciddi addımların atılmasını zəruri edir”.
Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.
Onun sözlərinə görə, gənclərin məşğulluq problemi Milli Məclisdə müzakirəyə çıxarılmalı, məsələnin həlli üçün konkret təkliflər irəli sürülməlidir. Ali təhsil müəssisəsini bitirərək əmək fəaliyyətinə başlamaq istəyən gənclərə iş təcrübəsinin olmaması səbəbindən imtina edilməsi ciddi problemdir.
“Gənclər iş üçün müraciət edirlər, lakin onlara bildirirlər ki, təcrübəli işçi lazımdır. Bəs bu gənclərə təcrübəni kim öyrətməlidir? Universiteti bitirən, yaxşı təhsil alan gənc iş tapa bilmirsə, bu məsələ ətrafında düşünmək lazımdır. Ya müəssisə rəhbərlərinin yanaşmasında problem var, ya da bu məsələlər düzgün qiymətləndirilmir. Ona görə də problem müzakirə olunmalı və həlli yolu tapılmalıdır”, – deyə o bildirib.
Mətanət Məmmədova qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kursları və müxtəlif layihələr müsbət addımlardır. Bu təşəbbüslər işaxtaranların peşə bacarıqlarının artırılmasına xidmət edir. Bununla belə, işsiz gənclərin sayının çoxluğu problemin yalnız kurslar vasitəsilə həllini çətinləşdirir.
Sosioloqun fikrincə, həm dövlət qurumlarında, həm də özəl sektorda gənclərin təcrübə qazanması üçün əlavə imkanlar yaradılmalıdır. Müəssisələrdə təcrübə proqramları təşkil edilməli, xüsusi mərkəzlər fəaliyyətə başlamalı və gənclərin əmək bazarına inteqrasiyasına dəstək göstərilməlidir.
“Düşünürəm ki, hər bir dövlət qurumunun və özəl sektor müəssisəsinin üzərinə gənclərin təcrübəsini artırmaqla bağlı müəyyən öhdəlik qoyulmalıdır. İşə qəbul edilən şəxslərlə yanaşı, gənclərin də peşə bacarıqlarının inkişafına şərait yaradılmalıdır. Beləliklə, onlar təcrübə qazanaraq gələcək iş fəaliyyətlərində biliklərindən səmərəli istifadə edə bilərlər”, – deyə M.Məmmədova vurğulayıb.
O, dövlət qulluğuna qəbul prosesində müsahibə mərhələsi ilə bağlı məsələlərə də diqqət çəkib. Bildirib ki, bəzi gənclər test imtahanından uğurla keçsələr də, müsahibə mərhələsində çətinliklərlə üzləşirlər. Bu baxımdan, müsahibələrin daha şəffaf və obyektiv keçirilməsi üçün aydın qaydaların formalaşdırılması vacibdir. Müsahibə mərhələsinin müəyyən hissəsinin test üsulu ilə keçirilməsi imkanına da baxıla bilər.
Mətanət Məmmədova işə qəbul zamanı yaş məhdudiyyətlərinin tətbiqinin də problem yaratdığını bildirib. Onun sözlərinə görə, təkcə gənclər deyil, 45-50 yaşlı şəxslər də iş tapmaqda çətinlik çəkirlər. Bəzi müəssisələrdə namizədlər üçün yaş meyarlarının müəyyən edilməsi, eləcə də qadınların işə qəbulunda yaşla bağlı məhdudiyyətlərin tətbiqi məşğulluq imkanlarını daraldır.
Sosioloq hesab edir ki, bütün bu məsələlər ətrafında geniş ictimai müzakirələr aparılmalı, işə qəbul prosesində obyektivlik və bərabər imkanlar təmin edilməlidir. Onun fikrincə, gənclərin işsizlik probleminin həlli üçün dövlət və özəl sektorun birgə fəaliyyəti, təcrübə proqramlarının genişləndirilməsi və konkret mexanizmlərin hazırlanması vacibdir.