Ev alarkən nələrə diqqət etməliyik? - EKSPERT DANIŞDI

12 Oktyabr 2026 13:52 (UTC+04:00)

“Qanunsuz tikililərin alınması zamanı vətəndaşlar bir sıra hüquqi və texniki problemlərlə üzləşə bilərlər. Belə əmlakların sənədləşdirilməsi, mülkiyyət hüququnun rəsmiləşdirilməsi və tikinti keyfiyyəti ilə bağlı risklər alıcıların diqqətli olmasını zəruri edir”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov SİA-ya açıqlamasında bildirib ki, qanunsuz tikililərin alınması vətəndaşlar üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, ilk növbədə mənzilin sənədlərinin qaydasında olmasına diqqət yetirilməlidir. Qanunsuz tikilinin alınması alıcının hüquqi baxımdan çətinliklərlə üzləşməsinə səbəb ola bilər. Belə evlərdə qeydiyyata düşmək mümkün olmaya, mülkiyyət hüququnun tanınması ilə bağlı problemlər yarana bilər.

E.Azadov qeyd edib ki, çıxarışla təmin olunmuş fərdi evlərdə, bir qayda olaraq, sənədləşmə baxımından problem yaşanmır. Bununla yanaşı, evin texniki vəziyyəti də diqqətlə yoxlanılmalıdır. Xüsusilə bünövrənin möhkəmliyi, divarların keyfiyyəti və nəmlənmə hallarının olub-olmaması mühüm amillərdir. Köhnə tikililərdə bəzi xarici divarların birqat olması nəmlənmə problemlərinə səbəb ola bilər. Bu baxımdan ətraf ərazinin və mühitin vəziyyəti də nəzərə alınmalıdır.

Ekspertin sözlərinə görə, ev alarkən qaz xəttinin, kanalizasiya sisteminin və digər zəruri kommunal infrastrukturun mövcudluğu da yoxlanılmalıdır. Qanunsuz tikililər bəzən tikinti normalarına uyğun inşa edilmir ki, bu da onların təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Xüsusilə bünövrənin lazımi tələblərə cavab verməməsi, keyfiyyətsiz tikinti materiallarından istifadə və seysmik təhlükəsizlik qaydalarına əməl olunmaması gələcəkdə təhlükəli vəziyyətlərə səbəb ola bilər.

E.Azadov vurğulayıb ki, bəzi ərazilərdə tikinti aparılmasına ümumiyyətlə icazə verilmir və həmin ərazilərdə yerləşən evlərin gələcəkdə leqallaşdırılması mümkün olmaya bilər. Bu səbəbdən alıcılar yalnız evin qiymətinə və xarici görünüşünə deyil, onun hüquqi statusuna, yerləşdiyi ərazinin təyinatına və texniki vəziyyətinə də diqqət yetirməlidirlər.

Ekspert vətəndaşlara qanunsuz tikililərin alınmasından çəkinməyi tövsiyə edib. O bildirib ki, əvvəlcədən sənədləri və tikintinin keyfiyyətini yoxlamaq gələcəkdə yarana biləcək hüquqi, maliyyə və təhlükəsizlik problemlərinin qarşısını almağa kömək edə bilər.