Repetitorluq fəaliyyəti üçün əlavə sertifikat alması tələb edilə bilərmi? - EKSPERT AÇIQLADI

12 Oktyabr 2026 13:35 (UTC+04:00)

Repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin də sertifikasiya və ya xüsusi qiymətləndirmədən keçirilməsi məsələsi zaman-zaman müzakirə olunur.

Bəs müəllimlərin məktəbdənkənar hazırlıq fəaliyyəti üçün əlavə sertifikat alması tələb edilə bilərmi?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən repetitor müəllimlərin heç biri rəsmi qaydada fəaliyyət göstərmir:

"Ona görə də onların hər hansı bir şəkildə sertifikasiyaya cəlb olunması, sertifikat verilməsi məsələsi də ümumi anlayışdır. Mənim bildiyim qədərilə, bu məsələ ilə bağlı hər hansı qanun yoxdur, müzakirə aparılmır, hələlik bu istiqamətdə ara-sıra təkliflər səsləndirilir. Ancaq belə deyək, bu gün Azərbaycanda fəaliyyət göstərən repetitorlar adətən ümumi təhsil məktəblərində çalışan müəllimlərdən ibarət olur. Ona görə də onların sertifikasiyada iştirakı, məsələn, yalnız o halda mümkün olar ki, rəsmi qurumlarda fəaliyyət göstərsinlər. Həmin rəsmi qurumlar onlardan tələb edə bilərlər ki, sertifikat təqdim etsinlər, sonra onları repetitor hazırlığı kurslarına və ya digər qurumlara qəbul etsinlər. Ona görə də açığını desəm, bu işin perspektivinə inanmıram.

Amma yenə də, əgər hansısa qurum bunu tələb kimi qoyarsa, məsələn, hazırlıq kursu təşkil edən bir qurum belə bir tələb irəli sürə bilər. Yəni sertifikat tələb oluna bilər. Elm və təhsil nazirinin də repetitor müəllimlərlə bağlı belə bir təşəbbüsü ola bilər. Bunun üçün sertifikasiya meyarları müəyyənləşdirilə bilər ki, müəllimin hansısa fənni tədris etmək üçün lazımi hazırlığa malik olub-olmadığı müəyyən edilsin. Ümumiyyətlə, açığını desəm, bu məsələnin perspektivinə inanmıram".