Azərbaycanda toylara məhdudiyyətlər qoyula bilər? - SOSİOLOQ AÇIQLADI

12 Oktyabr 2026 13:33 (UTC+04:00)

Bakıda son dövrlər keçirilən dəbdəbəli toy mərasimləri və bu tədbirlərə çəkilən yüksək xərclər cəmiyyətdə müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə yüzlərlə qonağın dəvət olunduğu, böyük məbləğlərin xərcləndiyi toylar fonunda mərasimlərə qonaq sayı və ya maliyyə limiti tətbiq edilməsinin mümkün olub-olmaması sual doğurur.

Bəs belə məhdudiyyətlərin tətbiqi nə dərəcədə məqsədəuyğundur?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, toylara xərclərin limiti və qonaqların sayı ilə bağlı məhdudiyyətlərin qoyulmasının inzibati yolu məqsədəuyğun deyil:

"Toy bizim minilliklərə söykənən qədim adət-ənənələrimizdən biridir. Bu, toy sahibinin istəyindən və imkanlarından asılı olan bir məsələdir. Sadəcə olaraq, bu məsələdə müəyyən ictimai tənzimlənməyə ehtiyac var. Yəni, cəmiyyət tərəfindən özünütənzimləmə həyata keçirilməlidir.

İmkanlı şəxslər, sahibkarlar, zəngin insanlar daha təvazökar, nümunəvi toylar keçirməlidirlər ki, aşağı təbəqədən olan insanlar da onlara baxıb özlərinə örnək götürsünlər. Yəni, görsünlər ki, dəbdəbəli, təmtəraqlı toylar keçirmək mütləq deyil. İmkanlı və zəngin insanlar daha sadə toylar keçirməlidirlər ki, cəmiyyətdə belə bir düşüncə və nümunə formalaşsın.

Bunu etatizm yolu ilə, yəni inzibati müdaxilə ilə həyata keçirməyin tərəfdarı deyiləm. Bu, həm qonaqların sayına, həm də xərclərin limitinə aiddir.

Sadəcə olaraq, insanlar diqqətli olmalı, ayıq-sayıq davranmalı və bilməlidirlər ki, toy iqtisadiyyatı, toy industriyası bu gün insanları tükəndirir. Xüsusilə toy biznesi ilə məşğul olan insanlar, işbazlar öz gəlirlərini artırmaq üçün toy bazarında məqsədyönlü şəkildə müxtəlif sosial mühəndislik layihələri tətbiq edirlər. Hər dəfə yeni bir qayda, yeni bir dəb ortaya çıxarırlar və insanlar da kütləvi şəkildə qonşudan geri qalmamaq üçün bu dəbləri təqlid etməli olurlar.

Nişan, xınayaxdı və toy mərasimlərini fərqli proqramlar, kənardan götürülmüş müxtəlif dəb və qaydalar əsasında təşkil edirlər. Bu isə ailə büdcəsi üçün əlavə xərc deməkdir. Bəzi insanlar sosial yarışa qoşularaq, hətta imkanlarının hamısını bu cür təmtəraqlı toyların keçirilməsinə sərf etməli olurlar.

Ancaq sonradan bu xərclər ailə büdcəsinə ciddi ziyan vurur, borclanmaya səbəb olur, hətta qudalar arasında münaqişələrə və ailə böhranlarına gətirib çıxarır.

Ona görə də daha rasional, ağıllı, məntiqli və az məsrəfli mərasimlər keçirmək lazımdır. Gənclərin xoşbəxtliyi təmtəraqlı, təntənəli toylarla deyil, qarşılıqlı anlaşmaya və sevgiyə əsaslanan münasibətlə mümkündür. Tərəflər ağıllı yanaşma sərgiləsələr, gənclərin xoşbəxtliyi üçün daha əhəmiyyətli dəstək göstərə bilərlər. Bu, təmtəraqlı toylar keçirməkdən daha vacibdir".