Hərbi qulluqçulara uzunillik xidmətlərinə görə dövlət tərəfindən verilən mənzillərin boşanma zamanı taleyi maraq doğurur.
Belə mənzillər yalnız hərbçinin şəxsi mülkiyyəti hesab olunur, yoxsa nikah dövründə əldə edildiyi üçün ər-arvad arasında bölünə bilər?
Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, hərbi qulluqçulara uzunillik və qüsursuz xidmətlərinə görə dövlət tərəfindən verilən mənzillərin boşanma zamanı ər-arvad arasında bölünüb-bölünməməsi hüquqi baxımdan diqqət tələb edən məsələlərdəndir:
"Burada əsas məqam mənzilin nikah dövründə əldə edilməsi deyil, onun hansı hüquqi əsasla və hansı şərtlərlə mülkiyyətə verilməsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak, bir qayda olaraq, onların ümumi birgə mülkiyyəti hesab edilir. Lakin Məcəllənin 34-cü maddəsinə görə, ər-arvaddan birinin əvəzsiz əqdlər əsasında əldə etdiyi əmlak onun ayrıca mülkiyyəti sayıla bilər.
Hərbi qulluqçuya uzunmüddətli xidmətinə görə dövlət tərəfindən əvəzsiz verilən mənzil də bu baxımdan xüsusi qiymətləndirilməlidir. Əgər mənzil məhz hərbi qulluqçunun şəxsi xidmətlərinə görə, fərdi qaydada və əvəzsiz olaraq onun mülkiyyətinə verilibsə, həmin əmlakın şəxsi mülkiyyət kimi tanınması üçün hüquqi əsaslar mövcuddur. Bu halda mənzilin nikah dövründə verilməsi onun avtomatik olaraq ər-arvad arasında bərabər bölünməsi demək deyil. Bununla yanaşı, mənzilin dövlət tərəfindən hansı proqram və ya normativ hüquqi akt əsasında ayrılması, ailə üzvlərinin mənzil təminatı zamanı nəzərə alınıb-alınmaması, mülkiyyət hüququnun kimə və hansı şərtlərlə rəsmiləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə mənzil hərbi qulluqçunun ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ayrılıbsa, həyat yoldaşının həmin əmlakla bağlı hüquqlarının olub-olmaması ayrıca araşdırılmalıdır.
Digər vacib məqam odur ki, mənzil hərbi qulluqçunun şəxsi mülkiyyəti hesab edilsə belə, nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran əsaslı təmir, yenidənqurma və ya digər yaxşılaşdırma işləri aparılıbsa, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, onun birgə mülkiyyət kimi tanınması mümkündür. Nəticə etibarilə, hərbi qulluqçuya uzunillik xidmətinə görə verilən mənzil nə bütün hallarda yalnız onun şəxsi mülkiyyəti, nə də avtomatik olaraq ər-arvadın ümumi əmlakı hesab edilə bilər. Hər bir mübahisədə mənzilin verilməsi haqqında qərar, müvafiq hüquqi sənədlər, mülkiyyətin yaranma əsası və digər faktiki hallar araşdırılmalıdır.
Boşanma zamanı belə mənzillərin hüquqi taleyi məhz bu halların məcmusu əsasında müəyyən edilir. Əsas prinsip ondan ibarətdir ki, əmlakın nikah dövründə əldə edilməsi ilə onun birgə mülkiyyət hesab olunması hər zaman eyni hüquqi nəticəni doğurmur".