"Məktəblərdə vahid məktəbli formasının olması vacibdir. Uşaqlar məktəbə oxumaq, bilik qazanmaq və gələcəklərini qurmaq üçün gedirlər". Bu fikirləri SİA-ya açıqlmasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova deyib.
Onun sözlərinə görə, eyni zamanda, məktəb onların tərbiyə aldığı, milli dəyərlərimizi və adət-ənənələrimizi öyrəndiyi bir yerdir: "Təəssüf ki, bəzən müəyyən mövzularla bağlı yanlış məlumatlar yayılır və insanlar çaşdırılır. Hesab edirəm ki, milli-mənəvi dəyərlərimizi qorumaq hər birimizin borcudur. Hicab mövzusuna da həssas yanaşmaq, bu məsələdən istifadə edərək insanları yanlış istiqamətə yönəltməmək lazımdır. Mənim üçün əsas məsələ uşaqlarımızın gələcəyidir.
Xüsusilə qızlarımızın təhsil alması, savadlı olması, gələcəkdə öz peşəsini seçməsi və həyatda öz yerini tapması çox önəmlidir. İstəyirəm ki, uşaqlarımız həm milli dəyərlərimizə bağlı olsunlar, həm də müasir düşüncəli, savadlı və tərbiyəli insanlar kimi yetişsinlər".