"Azərbaycan üçün hər bir mina qurbanının taleyi rəqəm deyil, insan faciəsidir" - ŞƏRH

12 Oktyabr 2026 11:57 (UTC+04:00)

"Oktyabrın 6-da Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində qəbul edilən “Piyadaəleyhinə minaların insan hüquqlarından tam istifadəyə təsiri: Zərərçəkənlərə yardımın gücləndirilməsi” adlı qətnamə Azərbaycanın mina probleminin beynəlxalq səviyyədə diqqətdə saxlanılması baxımından mühüm hadisədir. Azərbaycanın həmmüəllif qismində fəal şəkildə dəstəklədiyi və irəlilətdiyi bu sənədə 70 dövlətin qoşulması və onun səsverməsiz qəbul edilməsi problemin qlobal xarakter daşıdığını bir daha nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün isə bu məsələ sadəcə beynəlxalq gündəlikdəki humanitar mövzu deyil:

"Mina təhlükəsi ölkəmizin üzləşdiyi ən ağır müharibəsonrası problemlərdən biridir. Ermənistanın Azərbaycan ərazilərinin işğalı dövründə geniş şəkildə minalanmış ərazilər bu gün də insanların həyatına son qoyur, onları əlil edir, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıdışını ləngidir və bərpa-quruculuq prosesinə ciddi maneələr yaradır. Prezident İlham Əliyevin sentyabr ayında qeyd etdiyi kimi, 2020-ci ildən sonra mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 437 Azərbaycan vətəndaşı həlak olub və ya ağır xəsarət alıb; ümumilikdə isə Ermənistanın təcavüzü nəticəsində 3500-dən çox vətəndaşımız mina qurbanına çevrilib.

Ən ağrılı məqamlardan biri isə Ermənistanın təqdim etdiyi mina xəritələrinin böyük ölçüdə qeyri-dəqiq və natamam olmasıdır. Azərbaycan tərəfinin məlumatına görə, təqdim edilmiş xəritələrin dəqiqliyi cəmi 25 faiz təşkil edir və son illərdə mina partlayışlarının 55 faizindən çoxu Ermənistanın xəritə təqdim etdiyi ərazilərdən kənarda baş verib. Bu fakt Ermənistanın mina xəritələrini tam və dəqiq təqdim etmək məsuliyyətindən yayınmasının insan həyatı üçün necə ağır nəticələr doğurduğunu göstərir.

Bu baxımdan BMT İnsan Hüquqları Şurasının qətnaməsində zərərçəkənlərə yardımın xüsusi diqqət mərkəzinə gətirilməsi olduqca əhəmiyyətlidir. Mina qurbanlarının problemi yalnız onların fiziki xəsarətləri ilə məhdudlaşmır. Bu insanlar tibbi və psixoloji reabilitasiyaya, sosial müdafiəyə, əmək və təhsil imkanlarına, ləyaqətli həyata qayıtmaq üçün uzunmüddətli dəstəyə ehtiyac duyurlar. BMT-nin mina fəaliyyətinə yanaşması da zərərçəkənlərin tibbi, fiziki, psixososial və sosial-iqtisadi ehtiyaclarının kompleks şəkildə qarşılanmasını nəzərdə tutur.

Azərbaycanın bu qətnamənin təşviqində fəal iştirakı ölkəmizin mina problemini siyasiləşdirmək deyil, onun real humanitar və insan hüquqları mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq istəyini göstərir. Çünki mina təmizlənməsi yalnız ərazilərin partlayıcı maddələrdən azad edilməsi demək deyil. Bu, insanın yaşamaq hüququnun, təhlükəsizliyinin, sağlamlığının, doğma evinə qayıtmaq hüququnun təmin edilməsidir.

Bu gün Azərbaycan öz imkanları hesabına genişmiqyaslı humanitar minatəmizləmə həyata keçirir. Lakin problemin miqyası beynəlxalq həmrəyliyi və daha güclü dəstəyi zəruri edir. Ermənistanın isə əlində olan mina məlumatlarını tam, dəqiq və etibarlı şəkildə təqdim etməsi humanitar məsuliyyətin mühüm tələblərindən biridir.

Hesab edirəm ki, Cenevrədə qəbul olunan bu qətnamə Azərbaycanın illərdir beynəlxalq ictimaiyyətə çatdırdığı haqlı çağırışların dünya miqyasında daha geniş qəbul edildiyini göstərir. Azərbaycan üçün hər bir mina qurbanının taleyi rəqəm deyil, insan faciəsidir. Ona görə də mina təhlükəsinin aradan qaldırılması, qurbanların müdafiəsi və onların hüquqlarının bərpası davamlı sülhün və Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın ən mühüm şərtlərindən biri olaraq qalır".