“Yeni binalar tikilir, parkinq problemi isə həllini tapmır“ -HÜQUQŞÜNAS DANIŞDI

12 Oktyabr 2026 11:55 (UTC+04:00)

“Şəhərdə bir çox yaşayış binalarında avtomobil dayanacaqları ilə bağlı ciddi problemlər var. Binalar inşa edilir, lakin avtomobil saxlamaq üçün yer olmur.
Həmin binanın sakinləri də məcburiyyətdən, avtomobillərini kənar ərazilərdə saxlayır ki, bu da öz növbəsində tıxacların yaranmasına səbəb olur”.

Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, ən çox rastlaşdığımız hallardan biri də binanın qarşısında konstruksiyanı quraşdıran şəxslər, axşam olduğu zaman maşınları burada saxlayırlar və səhər vaxtı getdiklərində isə ərazini bu cür zəncirləyib, başqa bir sürücünün burada maşın saxlamasına icazə vermirlər:

”Nəticədə isə mübahisə baş verir.
Bu problemə Bakının bir çox ərazisində rast gəlmək olar. Ən çox istifadə olunan isə bu cür süni maneələrdir. Bu isə həm qanun pozuntusuna həm də şəhərin görünüşünə xələl gətirir.
Qanunvericiliyə görə avtomobil yollarında sədlərin, zəncirlərin, şlaqbaunların qurulması və ya avtomobil və piyadaların hərəkətinin başqa üsulla məhdudlaşdırılması məsuliyyət yaradır. Belə olan halda inzibatı xətalar məcəlləsinin 354-cü maddəsinə əsasən fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər 3000 manatdan 4000 manat qədər, inzibati tənbeh tədbiri tətbiq oluna bilər.
Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.
Belə hallarda bu, qanun pozuntusu hesab olunur və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq müvafiq tədbirlər görülür, inzibati protokol tərtib edilir:
"Qeyd edilən maddəyə əsasən, fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat məbləğində inzibati qaydada cərimə olunurlar. Ümumilikdə, həmin ərazilərdə abadlaşdırma işlərinin aparılması yalnız hasarlama və ərazini şəxsi mülkiyyət kimi təqdim etmə halları istisna olmaqla, vətəndaşların fərdi təşəbbüsü kimi qəbul edilir və qanunvericilikdə bu cür fəaliyyətə görə hər hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulmayıb".