"Kredit ödənişlərinin maaşa nisbəti, bankın kredit verməsi və eyni anda bir neçə kredit götürülməsi borcalanın maliyyə vəziyyətinə birbaşa təsir edən amillərdir. Ümumilikdə, aylıq kredit ödənişlərinin xalis gəlirin 30-35 faizini keçməsi maliyyə yükünün artdığını göstərir. Bu göstərici 40-50 faizə çatdıqda isə borcalanın maliyyə dayanıqlığı daha ciddi risklərlə üzləşə bilər. Bununla belə, riskin səviyyəsi gəlirin sabitliyindən, ailə üzvlərinin sayından və digər xərclərdən də asılıdır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bankın müştəriyə kredit verməsi həmin şəxsin borcu rahat ödəyə biləcəyi demək deyil. Banklar kredit qərarı verərkən müştərinin gəlirlərini, kredit tarixçəsini və mövcud borc öhdəliklərini qiymətləndirirlər. Lakin bu qiymətləndirmə borcalanın gələcəkdə işini itirməsi, gəlirlərinin azalması və ya gözlənilməz xərclərlə üzləşməsi riskini tam aradan qaldırmır. Digər tərəfdən, kreditin təsdiqlənməsi bankın müəyyən etdiyi meyarlara uyğunluğu göstərsə də, bu, müştərinin borcu maliyyə çətinliyi yaşamadan ödəyəcəyinə zəmanət vermir:
"Eyni zamanda, bir neçə kreditin paralel götürülməsi borc yükünü daha da ağırlaşdıra bilər. Hər bir kredit üzrə ayrıca aylıq ödənişin nisbətən kiçik görünməsi ümumi öhdəliklərin gəlirlərə nisbətinin yüksək olmasını gizlədə bilər. Nəticədə vətəndaşın sərəncamında qalan vəsait azalır, zəruri xərclərin qarşılanması çətinləşir və yeni borc hesabına əvvəlki öhdəlikləri ödəmək meyli yarana bilər. Bu isə borc zəncirinə, ödəniş gecikmələrinə, əlavə faiz və cərimələrə, eləcə də kredit tarixçəsinin pisləşməsinə səbəb ola bilər.
Problemli kreditlərin artımını da bu baxımdan diqqətdə saxlamaq lazımdır. Vaxtı keçmiş kreditlərin həcminin illik müqayisədə 36,6 faiz artması borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi ilə bağlı risklərin gücləndiyini göstərən siqnallardan biridir. Bununla belə, bu artımı yalnız əhalinin çoxsaylı kredit götürməsi ilə əlaqələndirmək düzgün olmazdı. Kredit portfelinin ümumi genişlənməsi, borcalanların gəlirlərinin dəyişməsi, kreditlərin hansı şərtlərlə verilməsi və iqtisadi şərait kimi amillər də nəzərə alınmalıdır.
Digər tərəfdən, problemli kreditlərin ümumi kredit portfelindəki payının 2,1 faizə çatması onu göstərir ki, vaxtı keçmiş borcların həcmi artsa da, onların ümumi kreditləşmədəki xüsusi çəkisi hələlik nisbətən aşağıdır. Lakin bu göstəricinin yüksəlməsi davam edərsə, bankların kredit riskləri arta, mümkün zərərlər üçün daha çox ehtiyat yaratmaq zərurəti yarana və gələcək kreditləşmə şərtlərinə təsir göstərə bilər.
Düşünürəm ki, əsas məsələ kreditlərin sayından daha çox, borcalanın ümumi borc yükünün onun ödəmə qabiliyyətinə uyğun olmasıdır. Vətəndaş kredit götürməzdən əvvəl bütün aylıq ödənişlərini hesablamalı, zəruri yaşayış xərclərini və gözlənilməz hallar üçün ehtiyat vəsaitini nəzərə almalıdır. Banklar isə kreditin qaytarılma ehtimalını qiymətləndirərkən yalnız mövcud gəlirlərə deyil, müştərinin ümumi borc yükünə və gələcək ödəmə qabiliyyətinə də xüsusi diqqət yetirməlidirlər. Çünki dayanıqlı kredit bazarı təkcə kreditlərin artması ilə deyil, verilən borcların vaxtında və sağlam şəkildə geri qaytarılması ilə formalaşır".